“Cənub Qaz Dəhlizi” QSC (SGC) bu ilin I yarısını 726,601 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.
İnterpress.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, 6 ayda SGC-nin əməliyyat gəlirləri 1 milyard 391,42 milyon ABŞ dolları, satışının maya dəyəri 245,119 milyon ABŞ dolları, ümumi-inzibati xərcləri 164,254 milyon ABŞ dolları, nəqletmə xərcləri 69,165 milyon ABŞ dolları, digər gəlirləri 27,944 milyon ABŞ dolları, faiz gəlirləri 46,169 milyon ABŞ dolları, asılı müəssisələrdən gəlirləri 34,811 milyon ABŞ dolları, maliyyə xərcləri 284,79 milyon ABŞ dolları, məzənnə fərqindən gəlirləri 2,746 milyon ABŞ dolları, mənfəət vergisi ödəmələri isə 13,161 milyon ABŞ dolları təşkil edib.
Bu il iyulun 1-nə SGC-nin aktivləri 14 milyard 704,831 milyon ABŞ dolları, o cümlədən öhdəlikləri 8 milyard 274,476 milyon ABŞ dolları, balans kapitalı isə 6 milyard 430,355 milyon ABŞ dollar olub.
Xatırladaq ki, SGC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı ilə,“Şahdəniz” qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dollarıdır. Şirkətin səhmlərinin 51%-i İqtisadiyyat Nazirliyinə, 49%-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.