Cənubi Koreya rəsmisi bəyan edib ki, Şimali Koreya üçüncü dəfə casus peyki buraxmağa cəhd edərsə, administrasiya 2018-ci ildə iki ölkə arasında imzalanmış və hərbi gərginliyi azaltmaq məqsədi daşıyan Koreyalararası sazişin bəzi müddəalarını dayandırmağı düşünür. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Adının açıqlanmasını istəməyən Cənubi Koreyanın yüksək rütbəli hökumət rəsmisi Şimali Koreyanın üçüncü casus peyk buraxma cəhdi ilə bağlı mətbuata açıqlama verib.
Şimali Koreyanın fəaliyyətlərinin yaxından izlənildiyini bildirən rəsmi şəxs bildirib ki, hökumət Şimali Koreyanın təxribatlarına qarşı tədbir olaraq Koreyalararası razılaşmanın bəzi müddəalarını dayandırmağı düşünür.
Cənubi Koreya və Şimali Koreya 2018-ci ildə imzalanmış Panmuncom Bəyannaməsi (Koreyalararası razılaşma) ilə sərhəddə hərbi gərginliyin azaldılması üçün tədbirlər haqqında qarşılıqlı razılığa gəliblər.
Şimali Koreyanın casus peykləri buraxmaq cəhdləri
Şimali Koreya mayın 31-də hərbi casus peyki buraxmağa cəhd etsə də, raket daşıyıcı sistemindəki nasazlıq səbəbindən cəhd uğursuz oldu. Pxenyan administrasiyası bu cəhdi ilin birinci yarısında “ən ciddi səhv” kimi qiymətləndirib.
Şimali Koreya beynəlxalq qınaqlara baxmayaraq, peykin qısa müddətdə yenidən “düzgün” buraxılacağını açıqlayıb.
Pxenyan administrasiyası avqustun 23-də ikinci casus peyk buraxmağa cəhd etdi, lakin bunun da uğursuz olduğunu açıqladı. Bu uğursuz cəhddən sonra Şimali Koreya oktyabrda yenidən cəhd edəcəyini açıqlayıb.