Xəzər Boru Kəməri Konsorsiumu (CPC) Qara dənizdə pis hava şəraiti ilə əlaqədar neftin yüklənməsini dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə konsorsium məlumat yayıb.
Bildirilib ki, rezervuarların yüksək səviyyədə doluluğu səbəbindən neft yükgöndərənlərdən sistemə endirimli tariflərlə qəbul edilir.
“Novorossiysk dəniz limanının kapitanı fırtına xəbərdarlığı elan edib və buna görə CPC-nin dəniz terminalında neft yüklənməsi dayandırılıb, tankerlər gözləmə zonalarına yönəldilib”, – məlumatda qeyd edilib.
Xatırladaq ki, CPC neft kəmərləri sistemi Xəzər dənizi hövzəsindən dünya bazarlarına neft nəqli üçün ən böyük marşrutdur. Uzunluğu 1,5 min kilometr olan magistral boru kəməri Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir və burada neft CPC-nin dəniz terminalı vasitəsilə tankerlərə yüklənir. Konsorsiumun ən böyük səhmdarları arasında Rusiya (“Transneft”), Qazaxıstan (“Kazmunaigas”) ölkələri, həmçinin “Chevron”, “Lukoil”, “ExxonMobil”, “Rosneft” və “Shell” şirkətləri var.