Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Adilova bildirib ki, yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.
“Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi”.
Baş Prokurorluq da Səbail rayonu ərazisində gecə klubunda baş verən partlayışda xəsarət alan şəxslərdən daha birinin ölməsi faktına münasibət bildirib.
Qurumun mətbuat xidmətindən bildirilib ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri – 2001-ci il təvəllüdlü Abdullayev Gülbala Etiqad oğlu xəstəxanada ölüb. Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.
Qeyd edək ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.
Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.