“Gələn yaydan Kəlbəcərin o möhtəşəm turizm və kənd təsərrüfatı potensialı reallaşacaq”backend

“Gələn yaydan Kəlbəcərin o möhtəşəm turizm və kənd təsərrüfatı potensialı reallaşacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Kəlbəcərə daxil olanda acınacaqlı mənzərə ilə rastlaşdıq. Kəbəcərdə yol boyu demək olar ki, bütün ağaclar kəsilmiş, düşmən apara bildiklərini aparmış, dağıda bilmədiklərini yandırmışdılar. Evlərin tavanlarını belə sökmüşdülər. Adi işıq xətlərinin sütunlarını kəsib-doğramışdılar. Kəlbəcərdə yollar naqillərlə dolu idi. Elektrik stansiyalarının hamısı partladılmışdı. Yəni onlara verilən zaman kəsiyində mümkün qədər, maksimal dərəcədə Kəlbəcərə ziyan verməyə çaıışmışdılar”.

 

Bu sözləri Moderator.az-a açıqlamasında “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun Birinci vitse-prezidenti, Milli Yaylaq Festivalının ideya müəllifi və layihə rəhbəri Müzadil Həsənov Kəlbəcərin işğaldan azad olunmasının ildönümü ilə bağlı danışarkən bilirib:  

 

“Bu gün Kəlbəcərin azad olunmasının birinci ildönümüdür. Bu, qürurverici tarixdir. Ona görə ki, ordumuzun, komandanlığımızın qətiyyət və rəşadəti ilə düşmən  böyük sahəsi olan ağır relyefli ərazilərimizi döyüşsüz təslim etməli olub. Razılaşmaya əsasən ermənilərin bu torpaqlardan çıxışı qısa zaman ərzində baş verməli idi. Ancaq Azərbaycan yenə bir humanizm nümayiş etdirdi. Düşmənə torpaqlarımızı tərk etmələri üçün əlavə zaman verildi. Düşmən yenə öz xainliyindən qalmadı, bədnam niyyətini ortaya qoydu. Onlara verdiyimiz bu zaman ərzində təbiətimizə, evlərimizə çox sayda ziyan vurdular.

 

Kəlbəcər işğaldan azad olunan günlərdən orada olanlardan biri kimi deyə bilərəm ki, düşmən torpaqlarımızı çox bərbad duruma qoymuşdu. Biz Kəlbəcərə daxil olanda acınacaqlı mənzərə ilə rastlaşdıq. Kəbəcərdə yol boyu demək olar ki, bütün ağaclar kəsilmiş, düşmən apara bildiklərini aparmış, dağıda bilmədiklərini yandırmışdılar. Evlərin tavanlarını belə sökmüşdülər. Adi işıq xətlərinin sütunlarını kəsib-doğramışdılar. Kəlbəcərdə yollar naqillərlə dolu idi. Elektrik stansiyalarının hamısı partladılmışdı. Yəni onlara verilən zaman kəsiyində mümkün qədər, maksimal dərəcədə Kəlbəcərə ziyan verməyə çalışmışdılar. Biz düşmənimizin belə vandal olduğunu bilirdik, ancaq onların bu əməlləri dünyaya bir daha göstərdi ki, düşmənimiz necə cılız və qorxaqdır. Dünya onları gördü, tanıdı, hətta deyərdim ki, o məşhur unitaz daşıma səhnəsi ilə daha da məşhurlaşdılar.

 

Bu bir il ərzində Kəlbəcərdə çox maraqlı və geniş miqyaslı işlər görülüb. Təkcə Ömər Aşırımını götürsək, yolda genişlənmə, bərkidilmə işləri aparılıb. Dağ relyefi olmasına baxamayaraq, orada bu bir il ərzində ağır işlər aparılıb. 12 kilometrdən artıq uzunluğu olan tunelin inşasına başlanılıb. Yolun bir hissəsi demək olar ki, yekunlaşmaq üzrədir. Bir neçə elektrik stansiyaları işə salınıb. Daşkəsən rayonu ərazisindən oraya əlavə elektrik xətti çəkilib. Bir il ərzində sıfırdan yol infrastrukturu qurulub. İnanıram ki, bir neçə ilə ora tam abadlaşdırılacaq, məskulaşma başlayacaq. İnanıram ki, gələn yaydan Kəlbəcərin o möhtəşəm turizm və kənd təsərrüfatı potensialı reallaşacaq.

Dədə-babadan Kəlbəcərdə böyük və möhtəşəm yaylaq yerlərimiz olub. Orada köç həyatı yaşamaq yəqin ki, bizlərə də qismət olar.

Onu da qeyd edim ki, indi Kəlbəcərdə xidmət edən əsgərlərimiz hazırda aslan kimi torpaqlarını qoruyurlar. Biz də tez-tez onları ziyarət edirik. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin”.

Xəyalə Rəis