Gürcüstan parlamenti hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda dəstəkləyib.
İnterpress.az xəbər verir ki, parlamentin 83 deputatı qanun layihəsinin lehinə səs verib.
Qanun layihəsi “şəffaflığın təmin edilməsi məqsədilə” büdcəsinin 20%-dən çoxu xaricdən maliyyələşən QHT-lərin və media orqanlarının “xarici qüvvələrin maraqlarını həyata keçirən” hüquqi şəxs kimi reyestrdən keçməsi şərtini qoyur. Layihəyə əsasən, reyestrdən keçən hər bir təşkilat illik büdcə bəyanatı verməlidir.
Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyası sözügedən qanun layihəsini aprelin 3-də parlamentə təqdim edib. Gürcüstanın əksər vətəndaş cəmiyyəti təşkilatları, ABŞ və Aİ də daxil olmaqla Qərb tərəfdaşları qanun layihəsinin qəbul edilməsinin əleyhinə çıxış edir. Paytaxt Tbilisidə bir neçə gündür etiraz aksiyaları keçirilir.
Gürcüstan Prezidenti Salome Zurabişvili isə hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsində israr etməsini təxribat adlandırmışdı./APA