Mübarək Ramazan ayının biz müsəlmanlar üçün sünnət qoyduğu əməllərdən biri də iftar süfrələri verməkdir. Bu, elə əməldir ki, həm xəlqin və həm də Xaliqin razılığını qazanır.
İnterpress.az xəbər verir ki, bu barədə Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu ayda mömin oruc tutana iftar verər, o, Allah Təala yanında qul azad etməyin savabına malik olar və keşmiş günahları üçün bağışlanma olar”.
Bu iftar süfrələri həm yoxsul qohumların, yoxsul mömin qardaş və bacıların sevinməsinə səbəb olar, həm də qohumluq, qardaşlıq bağlarını möhkəmləndirər.
Ancaq hər bir əməldə olduğu kimi, iftar süfrəsi açmaqda da niyyət xalis olmalıdır. Özünü başqalarına nümayiş etdirmək qəsdi daşımamalıdır.
Çalışmaq lazımdır ki, imkanı olmayan insanlara daha çox diqqət edilsin və onlar bu iftar süfrələrinin qonağı olsunlar.
İmam Sadiq (ə) buyurur: “O kəs ki, iftar verər – onun əcr və savabı oruc tutanların savabı kimidir”.
İmam Kazım (ə) buyurur: “Oruc olan din qardaşına iftar vermək (müstəhəb) oruc tutmaqdan daha yaxşıdır”.
Həzrət Peyğəmbər (s) “Şəbaniyyə” xütbəsində iftar vermək haqqında buyurur: “Hər kim bu ayda bir mömin oruc tutana iftar verərsə, Allah yanında savabı bir qul azad etməyə bərabərdir. Həmçinin keçmiş günahlarının bağışlanmasına səbəb olar”.
Bir nəfər qalxıb sual verir ki, əgər bizim yemək verməyə imkanımız yoxdursa, onda həmin savab bizə çatırmı? Həzrət (s) cavabında buyurur: “Allah Kərimdir. Bu savabı hətta o kəsə verər ki, oruc tutanın ixtiyarına bir qurtum süd, ya su və ya bir neçə xurma qoyar ki, orucunu iftar etsin”.
Əlbəttə, iftar süfrəsi verən insanın halal ruzi ilə bu süfrəni açması da şərtdir. Əks halda bu əməl qəbul olunmaz və ondan istifadə edənlər isə haram tikə ilə qidalanmış olarlar.