Cənubi Afrikada milyonçu ov zamanı camışın hücumuna məruz qalaraq həlak olub.
Interpress.az xəbər verir ki, amerikalı milyonçu və həvəskar ovçu Aşer Uotkins Cənubi Afrikada safari turu zamanı vəhşi camışın hücumuna məruz qalıb və hadisə yerində həyatını itirib.
Hadisə Limpopo vilayətində baş verib. 52 yaşlı Uotkins camış ovlamaq üçün peşəkar bələdçi ilə birlikdə safariyə çıxıb.
Lakin ov zamanı heyvan qəfil hücuma keçib və o, iti buynuzları ilə Uotkinsə ağır xəsarət yetirib. Camışın təxminən 50 km/saat sürətlə hərəkət etdiyi və kişini birbaşa buynuzları ilə deşdiyi bildirilir.
Turistlər üçün təşkil edilən bu ov səfəri minlərlə avroya başa gəlib.
Məlumata görə, Uotkins bu kimi ov turlarının daimi iştirakçısı olub və tez-tez ovladığı heyvanlarla şəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşırmış.
Onun “Facebook” hesabında nəsli kəsilmək təhlükəsi altında olan pumalar da daxil olmaqla, çox sayda ov heyvanı ilə fotolar yer alır.
Qeyd edək ki, Cənubi Afrikada kafr camışları “qara ölüm” adlandırılır. Bu heyvanlar təxminən 1,5 ton çəkiyə malik olur və olduqca aqressiv xarakterə sahibdir.
Hər il bir neçə ovçunun məhz bu heyvanların hücumu nəticəsində həlak olduğu bildirilir.
Hadisə zamanı Uotkinsin anası, qardaşı və ögey atası da onunla birlikdə olub.
Xuraman Etibarlı
Interpress.az