Baharın gəlişinin müjdəçisi olan Novruz çərşənbələri işğaldan azad edilmiş ərazilərdə coşğu ilə qeyd olunur.
Tərtər rayonunun Talış kəndində “Böyük Qayıdış”dan sonra ilk dəfə Yel çərşənbəsi tonqalı yandırılıb.
Azərbaycan xalqının adət-ənənələrinin doğma torpaqlarımızda yenidən çiçəklənməsi 30 ildən sonra öz yurduna qayıdan insanları qürurlandırıb. Talış sakinləri tonqal ətrafına toplaşıblar. Onlar bir-birlərini təbrik ediblər, əlamətdar günlərin öz doğma evlərində qeyd etməyin sevincini bölüşüblər.
Xatırladaq ki, 2023-cü ilin mart ayında “Böyük Qayıdış” Proqramı çərçivəsində Talış kəndinə 20 ailə (91 nəfər) köçürülüb. Hazırda kəndin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Köçürülmə planının ikinci mərhələsində 158 ailənin Talış kəndinə qayıtması nəzərdə tutulub.
Bu günə qədər kənddə 20 ev, 10 qeyri-yaşayış obyekti bərpa edilərək yenidən qurulub. İnzibati bina və uşaq bağçası əsaslı təmir olunub, 78 şagird yerlik məktəb binası da bərpa edilib.