Kallas Avropa İttifaqının vahid ordusunun yaradılmasına qarşı çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas qurumun vahid ordusunun yaradılmasının əleyhinə olduğunu bəyan edib.
Kiprdə keçirilən Aİ müdafiə nazirlərinin qeyri-formal görüşünün yekunlarına dair mətbuat konfransında çıxış edən Kallas xəbərdarlıq edib ki, paralel hərbi strukturların yaradılması müdafiə sahəsində qarışıqlığa səbəb ola bilər.
“Mən niyə əlavə ordunun yaradılmasını dəstəkləmirəm? Çünki hər bir üzv dövlətin yalnız bir ordusu var. Bu ölkələrdən 23-ü həm də NATO-nun üzvüdür. Əgər siz bu ordunu NATO-nun ixtiyarına verirsinizsə, ondan başqa yerdə istifadə edə bilməzsiniz. Siz sadəcə olaraq paralel olan ikinci bir ordu yarada bilməzsiniz”, – Kallas vurğulayıb.
Avropalı diplomatın sözlərinə görə, hazırda Aİ-də hibrid hücumlarla mübarizə aparmaq üçün xüsusi “böhran reaksiya qrupları” fəaliyyət göstərir və bu qruplar öz səmərəliliyini uğurla sübut ediblər.
Kallas qeyd edib ki, yeni bir ordu yaratmaq əvəzinə, mövcud olan bu effektiv strukturları daha da inkişaf etdirmək və gücləndirmək lazımdır.
Xuraman Etibarlı
İnterpress.az






