Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşəbbüsü ilə Kişinyov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib.
MAK-dan bildirilib ki, aksiya zamanı Nizami Gəncəvinin adını daşıyan parkda şabalıd fidanları əkilib. Azərbaycanın Moldovadakı səfirliyindən hədiyyə edilən şabalıd fidanları qüdrətli söz ustadının abidəsinin ətrafındakı ərazini bəzəyəcək. Soydaşlarımızın fikrincə, gələcəkdə şabalıd ağaclarının çətirə bənzər kölgəsi parka xüsusi gözəllik bəxş edəcək və Moldova üçün nadir olan şabalıd məhsulu yetişəcək.
Bundan öncə belə aksiya Moldova paytaxtında yerləşən Əbədiyyət Memorial Kompleksinin nəzdindəki Şuşa xiyabanında da həyata keçirilib.
İnterpress.az