Kiyevə Rusiya ərazisinin daha dərinliklərinə zərbə endirməyə icazə veriləcək.
interpress.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi Ceyms O`Brayn Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
O`Brayn bildirib ki, Rusiya ordusu cəbhəni genişləndirməyə çalışarsa, ABŞ Ukraynanın Rusiyaya hücumlarını artırmağa razı olacaq.
Onun sözlərinə görə, Rusiya qoşunları indi hücum imkanlarını itirir.
“Rusiyanın Ukraynaya hücum etmək qabiliyyətində dramatik dəyişikliklər görürük”, – deyə rəsmi bildirib.
O, ABŞ-nin prioritetinin silahla təmin etmək və onları böyük ehtiyac olan ərazilərdə cəmləşdirmək olduğunu vurğulayıb.
“Birincisi, bu, Rusiyanın Xarkov yaxınlığında hücum etdiyi ərazidir. İndi isə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın ötən həftə dediyi kimi, Rusiya bu cəbhəni genişləndirməyə çalışarsa, Ukraynaya Rusiya ərazisindəki hədəfləri daha geniş məsafədən vurmağa icazə veriləcək”, – deyə O’Brayen fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az