“Kiyevi ağır döyüşlər gözləyir” – Proqnozbackend

“Kiyevi ağır döyüşlər gözləyir” – Proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fevral-mart ayında baş verəcək proseslər savaşın gələcək inkişafına əsaslı təsir edəcək”.

Bu sözləri Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilovin qarşıdakı 1-2 ayın müharibənin taleyi üçün həlledici olacağı ilə bağlı fikrini şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu ay Ukraynada ciddi proseslərin baş verəcəyi gözlənilir:

“Birinci məqam ondan ibarətdir ki, bu ay müharibənin birinci ildönümü tamam olacaq. Fevralın 24-ə bir aydan da az vaxt qalıb. Həmin gün Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciət edəcəyi istisna deyil. Əlbəttə, o hansısa “müjdələr” verməlidir. Bunun üçün isə döyüş meydanında üstünlüyü ələ almaq lazımdır. Deməli, Rusiya ordusunun yaxın günlərdə genişmiqyaslı hücum əməliyyatlarına başlaması mümkündür. İkinci bir tərəfdən, bir sıra Qərb ölkələri, o cümlədən Polşa, Almaniya, Britaniya Ukraynaya ağır və müasir tanklar verəcəklər. Həmin texnikaların fevralın sonu- martın əvvəlində təhvil verilməsi gözlənilir. Sözsüz ki, bu texnikalar döyüş meydanında Rusiyanın durumunu daha da çətinləşdirəcək. Bunu Kremldə başa düşürlər. Ona görə sözügedən tankların, o cümlədən “Leopard”ların təhvil verilməsinədək Rusiya üstünlüyü ələ salmağa çalışır.

Danilovun qarşıdakı aylar barədə səsləndirdiyi fikirlər də məhz tank tədarükü ilə bağlıdır. Tankların mart ayında tədarükü planlaşdırılır. Bu isə Ukrayna rəsmisinin açıqladığı müddətə uyğun gəlir. Yaxın günlərdə Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunması, Belarusdan ikinci cəbhənin açılması, həmçinin, nəhayət, “xüsusi hərbi əməliyyat”ın müharibə kimi təqdim olunması gözləniləndir.
Hər bir halda Ukraynadakı savaş həlledici mərhələyə qədəm qoyub. Əvvəl də dediyimiz kimi, bu ay Rusiya daxilində və savaş meydanında ciddi proseslər baş verə bilər. Həmçinin fevral-mart ayında baş verəcək proseslər savaşın gələcək inkişafına əsaslı təsir edəcək”.