“Kulisdə “mənə Azərbaycan mahnıları öyrət” dedi” – Müsahibəbackend

“Kulisdə “mənə Azərbaycan mahnıları öyrət ” dedi” – Müsahibə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”Səs Azərbaycan”ın daha da yaxşı təşkil olunması üçün zamana ehtiyac var”.

Türkiyədə keçirilən mahnı müsabiqəsində qalib olan müğənni Fərhad Rəhimlinin İnterpress.az-a müsahibəsini təqdim edirik:

-Özünüzü təqdim edərdiniz.

-Rəhimli Fərhad Emin oğlu 24 yaşım var. Vokalistəm. Klassik bəstəkar mahnıları ilə yanaşı, yerli və əcnəbi pop, lirik, jazz, reggae üslubunda mahnılar oxuyuram.

– Niyə məhz müğənniliyi seçdiniz?

– Musiqiçi ailəsində dünyaya gəlmişəm və hər zaman yaxşı musiqilər dinləmişəm. Bu marağım uğurumla nəticələndi.

– Son zamanlar yerli incəsənət adamlarımız Türkiyə şou-biznesinizə daha çox meyl edirlər. Bunun səbəbi nədir?

-Bu meyl istəyə bağlıdır. Kimsə öz kariyerasını burada qurmaq istəyir, kimsə də xaricə, o cümlədən Türkiyəyə gedir. Türkiyə qardaş ölkədir və onlar ortaya keyfiyyətli işlər çıxarırlar. Ona görə türk şou-biznesinə meylli olmağın mən də tərəfdarıyam. Hətta türkiyəli musqiçilərlə əməkdaşlıq da edirəm.

-Azərbaycanın musiqi yarışmaları ilə türklərin musiqi yarışmaları arasında nə kimi fərqlər var? Hansını daha üstün tutursunuz?

-Bizim ən yaxşı səs müsabiqəmiz “Səs Azərbaycan”dır. Dünyada bu cür müsabiqə var. Çox sevindirici haldır ki, bu müsabiqə bizdə də yayımlandı. Bütün gənclərə uğurlar arzu edirəm. Bizimlə türklər arasında olan müsabiqə fərqliliyinə gəlincə, elə də fərq görmürəm. Demək olar ki, eynidir. Sadəcə bizim “Səs Azərbaycan”ın daha da yaxşı təşkil olunması üçün zamana ehtiyac var.

-Türkiyədə musiqi yarışmasının qalibi olmusuz. Təəssüratlarınız nədir?

-Çox gözəl hissdir. Bunu ancaq o hissi yaşayan bilər.Təsəvvür edin ki,başqa bir ölkədə uğur əldə edirsiniz və hər kəs öz rəğbətini bildirir. Bundan gözəl nə ola bilər?! Türkiyənin məşhur müğənnisi Koray Avcın ilə mahnı oxumaq tam başqa hissdir. Orada hər kəsin ifamı dinləyərək kövrəlməsi məni daha da əzmlə çalışmağa yönəltdi. Mən “Nazəndə Sevgilimlə” tanındım. Bu, mənim ilk sənət uğurumdur. Əziyyəti keçən hər kəsə təşəkkür edirəm.

-Koray Avcı ilə ilk duet oxuyan azərbaycanlı müğənnisiniz…

-Mən çox şadam ki,buna nail olmuşam. Çox gözəl hissdir. Həmçinin mükəmməl və səmimi insandır. Kulisdə olarkən “mənə Azərbaycan mahnıları öyrət ” dedi. Çox sadə insandır.

– Gələcək planlarınız necədir?

-Özümün bəstələdiyim bir neçə mahnılarım var və onların işıq üzü görməsi üzərində çalışıram. “Tək məni sev”, “Sevdiyim”, “Qısqanıram”, “Vətən nəğməsi” və s. Gələcəkdə daha da gözəl işlər görmək, yeni mahnılar, kliplər və s. çıxarmaq mənim planlarımdır. Ümid edirəm ki, dəstək olan insanların sayəsində gözəl işlər görəcəyik. Bütün dinləyicilərimi yeni mahnılarla sevindirəcəm. İfamı bəyənən, xoş sözlər yazan insanlara təşəkkür edirəm.