Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Ədliyyə Nazirliyinin Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksində yaradılan şəraitlə tanış olub.
İnterpress.az xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısına yeni penitensiar müəssisə barədə məlumat verib.
Bildirilib ki, ümumi saxlama limiti 1300 nəfərlik olan penitensiar kompleks iki zonadan ibarətdir. Burada istintaq təcridxanasında barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin, cəzaçəkmə müəssisəsində isə məhkumların məhkəmə hökmünə əsasən müxtəlif rejimlərdə saxlanılması nəzərdə tutulur. Müəssisədə əsasən cənub zonası və bu bölgəyə yaxın olan ərazilərdə yaşayan şəxslər saxlanılacaq ki, bununla onlar öz ailələri ilə daha asan və rahat görüşə biləcəklər.
Kompleksdə kamera tipli 7 korpus inşa olunub və burada hər cür şərait yaradılıb. Məhkumların hüquqlarının etibarlı təmin olunması məqsədilə onların ailələri ilə uzunmüddətli görüş üçün zəruri məişət avadanlığı ilə təchiz edilmiş 19 studio mənzil tipli otaqlar, habelə qısamüddətli görüşlər üçün kabinələr istifadəyə verilib. Burada məhkumların asudə vaxtlarını səmərəli keçirmələri üçün kitabxana, televizor otağı, idman meydançası var. Müəssisədə istehsalat sahələri yaradılıb, bərbərxana, dərzi xidmətləri təşkil edilib.
Diqqətə çatdırılıb ki, saxlanılan şəxslərə yüksəkkeyfiyyətli tibbi xidmətin göstərilməsi üçün kompleksin müasir avadanlıqla və geniş dərman çeşidləri ilə təchiz olunmuş Tibb-sanitar bölməsi fəaliyyət göstərir. Bölmədə kardioloq, stomatoloq, fizioterapevt, rentgen, ultrasəs müayinəsi, cərrahiyyə, manipulyasiya, ambulator və stasionar şəraitdə müayinə və müalicə otaqları, laboratoriya, intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur.
Kompleksdə saxlanılan şəxslər üçün, həmçinin psixoloq və ibadət otaqları ayrılıb. Eyni zamanda, məhbusların keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx, yeməkxana, habelə sənaye tipli qurğuları olan camaşırxana yaradılıb. Mühafizəni təmin edən əsgərlər üçün ərazidə kazarma, təlim otaqları, qarovul binası, kinoloji mərkəz, avtopark inşa olunub.
Bundan əlavə, məhbusların məhkəmə iclaslarında məsafədən – videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və videogörüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub, istintaq hərəkətlərinin aparılması, vəkilləri ilə görüşləri üçün zəruri şərait yaradılıb.
Komplekslə tanışlıq zamanı dövlətimizin başçısına müəssisədə quraşdırılmış “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) Xidmət platforması nümayiş etdirilib.
Ədliyyə Nazirliyinin innovativ məhsulu olan “ƏN TEZ” Xidməti əmək, maliyyə və digər resurslara qənaət etməklə istənilən yerdə virtual platforma əsasında vətəndaşlara nazirliyə videozəng vasitəsilə müraciət edərək məsafədən müxtəlif ədliyyə xidmətlərindən (notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəməyə müraciət və məhkəmə qərarlarının icrası və s.) eyni vaxtda yararlanmaq imkanı verir. Həmçinin əhaliyə xidmət sahəsində ölkədə ilk dəfə bu platformada tətbiq edilən “süni intellekt” insanın davranışını vizuallaşdıraraq xidmət üçün müraciət etmiş şəxslə ünsiyyət qurur, istəyinə uyğun sənədlərin hazırlanmasını və təqdim olunmasını təmin edir.
Smart konsepsiyaya əsaslanan “ƏN TEZ” Xidmətində vətəndaşın şəxsiyyəti “Üztanıma” sistemi əsasında avtomatlaşdırılmış qaydada eyniləşdirilir, xidmət üzrə sənədlər isə ani vaxt rejimində icra edilərək yerindəcə çap olunur.
Bu yeni platforma Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST, habelə “ASAN xidmət” mərkəzlərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda artıq tətbiq edilir.
“ƏN TEZ” Xidmətin Lənkəran penitensiar kompleksində istifadəyə verilməsi məhkumlara, onlarla görüşə gələn vətəndaşlara, eləcə də müəssisənin əməkdaşlarına ədliyyə xidmətlərindən yerində bəhrələnmək imkanı verəcək.
Kompleksin yerləşdiyi ərazidə əməkdaşlar üçün altımərtəbəli 30 mənzilli xidməti yaşayış binası inşa edilib.
Prezident İlham Əliyevə Bakının Umbakı qəsəbəsində yeni istifadəyə verilmiş penitensiar kompleks barədə də məlumat verilib. Bildirilib ki, beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi də qarışıq rejimli olmaqla iki zonadan – istintaq təcridxanasından və cəzaçəkmə müəssisəsindən ibarətdir. Təcridxanada təqsirləndirilən şəxslər, müəssisədə isə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar saxlanılırlar. Kompleksdə 19 müxtəlif rejimli kamera tipli korpus mövcuddur. Burada məhkumların hüquqlarının daha etibarlı təmin olunması, yüksəkkeyfiyyətli tibbi xidmətin göstərilməsi, asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, paytaxtda və bölgələrdə yeni penitensiar müəssisələrin tikilməsi ölkəmizdə aparılan köklü islahatların tərkib hissəsidir. Bu müəssisələrdə yaradılan müasir şərait məhkumların hüquqlarının təminatına, onların öz ailələrinə yaxın ərazilərdə cəza çəkmələrinə və cəmiyyətə reinteqrasiyasına xidmət edir.