Mədəniyyət Nazirliyi MMC ilə birgə mükafat paylayır?- Məşhurlara təqdim olunan “Şəms”lə bağlı narazılıqbackend

Mədəniyyət Nazirliyi MMC ilə birgə mükafat paylayır?- Məşhurlara təqdim olunan “Şəms”lə bağlı narazılıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “EMEDIA GROUP” şirkətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Müstəqillik Gününə həsr olunan “Şəms” Milli Mükafatlandırma mərasimi keçirilib. Mərasimdə ictimai-siyasi xadimlər, dövlət rəsmiləri, deputatlar, sənətçilər və digər şəxslər iştirak edib.

İnterpress.az editor.az-a istinadən xəbər verir ki, mükafatlandırma tədbiri media və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox sosial media istifadəçiləri və ekspertlər dövlət qurumu qismində Mədəniyyət nazirliyinin özəl bir şirkət, MMC ilə birlikdə mükafatlandırma mərasimi təşkil etməsini məqsədəuyğun hesab etməyiblər.

Ekspertlər hansı peşəkar meyarlar, istiqamətlər üzrə verildiyi bəlli olmayan, qaliblərin hansı seçim metodologiyası ilə müəyyənləşdirildiyi müəmmalı olan bir mükafatlandırma tədbirinə dövlətin Mədəniyyət nazirliyinin tərəfdaş olmasını kəskin tənqid edirlər.

Qeyd olunur ki, ölkənin strateji dövlət qurumunun belə cari və kommersiya maraqlarına xidmət edən tədbirlərdə tərəfdaş olması onun obyektivliyinə və nüfuzuna ciddi zərbədir. Bu tərəfdaşlıq tədbirdə mükafatlandırılan şəxslərin sanki müvafiq dövlət qurumu adından təltif edilməsi görüntüsünü yaradır. Əgər belədirsə, Mədəniyyət Nazirliyi mükafatlandırılan şəxslərin hansı meyarlar əsasında seçildiyini ictimaiyyətə açıqlamalıdır.

Mükafatlandırma tədbiri ilə bağlı yayılan başqa bir məlumatda isə bu tədbirdə təltif olunan bir sıra şəxslərin mükafat qarşılığında “EMEDIA GROUP” şirkətinə maddi ödənişlər etdiyi iddia olunur.

“Təşkilatçılar bir neçə nüfuzlu şəxsi, deputat və dövlət rəsmilərini tədbirə dəvət etmək, eyni zamanda Mədəniyyət Nazirliyini tərəfdaş göstərməklə tədbirin əhəmiyyətini yüksəltməyə çalışırlar. Mükafat alan digər şəxslər isə bu şirkətə bəlli məbləğlərdə vəsait ödəməklə “qalib” seçilir. Digər peşə sahiblərinə rəsmi şəxslərlə birlikdə mükafat almaq cəlbedici göründüyü üçün onlar bu vəsaiti ödəməyə razı olurlar. Bir sıra şəxslərə mükafatların kommersiya maraqları əsasında verildiyi bu tədbirin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlanması və Mədəniyyət nazirliyinin rəsmi tərəfdaş olması anlaşılan deyil”- deyə, mənbə iddia edir.

Qeyd edək ki, “Şəms” Milli Mükafatının bəzi şəxslərə maddi ödənişlər əsasında təqdim edilməsi redaksiyamıza daxil olan hələki bir iddiadır. Editor.az iddianın nə qədər gerçəkliyi əks etdirdiyi ilə bağlı tərəflərin də mövqeyini dərc edəcək.