Meyvə və tərəvəzlərin günəş şüası altında saxlanılması yolverilməzdir – Qida mütəxəssisibackend

Meyvə və tərəvəzlərin günəş şüası altında saxlanılması yolverilməzdir – Qida mütəxəssisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər havaların istiləşməsi ilə əlaqədar olaraq, meyvə və tərəvəz məhsullarının satışında problemlər ortaya çıxıb. İsti hava meyvə və tərəvəzlərin həm xarici görünüşünə, həm də keyfiyyətinə təsir edir.

Mövzu ilə bağlı interpress.az-a açıqlama verən qida üzrə mütəxəssisi İlkin Şirinov bildirib ki, hava şəraiti və temperatur meyvə və tərəvəzlərin keyfiyyətinə ciddi təsir göstərir.

“Mövsümündən asılı olaraq, hava şəraiti və temperatur meyvə və tərəvəzlərin keyfiyyətinə ciddi təsir göstərir. Hal-hazırda havaların isti keçməsi ilə əlaqədar olaraq, meyvə və tərəvəzlərin daşınmasında çətinliklər yaranır.

Sahələrdən yığılan məhsulun daşınma və saxlanma qaydasına riayət etmədikdə, satıcı və müştəri arasında ciddi narazılıqlar yaranır. Bu səbəbdən meyvə və tərəvəzlərin günəş şüası altında saxlanılması yolverilməzdir.

Saxlanma temperaturu meyvə-tərəvəzlərə uyğun olaraq soyuq temperatura yaxın olmalıdır. Meyvə-tərəvəzləri donma temperaturunda saxlamaq məqsədəuyğun sayılmır.

Belə ki, çox aşağı temperaturlarda saxlanılan və dondurulan meyvə-tərəvəzin dadında və keyfiyyətində problemlər ortaya çıxır. Sahədən yığılan meyvə-tərəvəzləri nisbi rütubətliliyi nəzərə alınaraq, soyutma anbarlarında saxlamaq məsləhət görülür”,- ekspert vurğulayıb.

Küçələrdə satılan məhsullardan da danışan mütəxəssis bildirib ki, meyvə və tərəvəzin çox hissəsini su təşkil etdiyindən, kəskin günəş şüası altında satılan bu cür məhsullardan müştərilər hər zaman şikayətlənirlər. Çünki bu cür yerlərdə nə soyutma sistemi, nə də meyvə və tərəvəzi satmaq üçün soyuducular mövcuddur.

Xuraman Etibarlı

İnterpress.az