“Moskva ildırımsürətli hücum hazırlayıb”backend

“Moskva ildırımsürətli hücum hazırlayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirdiyi və tezliklə bu ölkəyə qarşı irimiqyaslı hərbi müdaxiləyə başlayacağı haqda xəbərlər, kəşfiyyat məlumatları fonunda Kiyevdə hakimiyyət xalqı sakitləşdirməyə çalışır. virtualaz.org xəbər verir ki, ötən gün axşam Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra əhalini təşvişə düşməməyə çağırıb.

“Hər şey nəzarət altındadır. Panika üçün səbəb yoxdur. Hər şey barədə bilirik. Hər bir varianta hazırıq. Yaxşı olacağına inanırıq və bunun üçün hərbçilərimizlə, diplomatlarımızla birlikdə mümkün olan hər şeyi edirik”, – Zelenski özünün sosial media hesabından yaydığı videomüraciətində bildirib.

Bu gün isə müdafiə naziri Aleksey Reznikov Ali Radada fraksiya rəhbərləri ilə görüşündə müharibə təhlükəsinin nə dərəcədə real olduğunu izah edib. Onun sözlərinə görə, yanvarın sonlarına olan məlumatlar Rusiyanın sərhəddə Ukraynaya tammiqyaslı hərbi müdaxiləyə hazırlığa dəlalət edəcək heç bir zərbə qruplaşması formalaşdırmadığını deyib. “Sabah hücumun başlayacağını demək üçün əsas hərbi baxımdan mövcud deyil”,-müdafiə naziri deyib.

Reznikov diqqəti buna yönəldib ki, əslində Rusiyanın Ukraynaya hərbi müdaxiləsi 2014-cü ildən başlayıb. Qərb KİV-ləri isə Rusiyanın hərəkətlərinə ancaq 2021-ci ilin oktyabrında gündəlik diqqət yetirməyə başlayıblar. Nazir qeyd edib ki, sərhəddə hökm sürən vəziyyət barədə Ukrayna kəşfiyyatının və Qərb kəşfiyyatının topladığı faktlar üst-üstə düşür, amma qiymətləndirmələr fərqlidir.

“Əgər Rusiya qoşunlarının miqdarına baxsaq həmin miqdar ötən il Pasxa bayramı ərəfəsində də mövcud idi”, – Reznikov deyib.

Ukrayna hakimiyyəti xalqı sakitləşdirməyə çalışsa da Qərb siyasətçiləri Rusiyanın hücumunun qaçılmaz olduğunu deyirlər. Böyük Britaniyanın baş naziri Boris Conson BBC-yə müsahibəsində xəbərdarlıq edib ki, Moskva Ukrayna ərazisinə ildırımsürətli hücum planı hazırlayıb və hazırda qoşunların cəmləşdirilməsini fəal şəkildə yekunlaşdırmaqdadır.

“Bizim kəşfiyyatımız çox dəqiq göstərir ki, Ukrayna sərhədlərində Rusiyanın 60 zərbə qruplaşması cəmləşdirilib. Ukraynanı məhv edə biləcək ildırımsürətli müharibə planı hamıya aydındır”, – Conson deyib. Onun sözlərinə görə, Rusiyanın hücumu məhz paytaxt Kiyev üzərinə istiqamətlənə və şəhər bir neçə saat ərzində ələ keçirilə bilər.(azpolitika.info)