Namizəd Gülşən Paşayevanın qapalı və açıq məkanlarda görüşləri davam edir – FOTOLARbackend

Namizəd Gülşən Paşayevanın qapalı və açıq məkanlarda görüşləri davam edir – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 28-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə birtərəf namizəd Gülşən Paşayevanın Binə Mədəniyyət Mərkəzində seçiciləri ilə növbəti qapalı görüşü baş tutub. Görüşdə əsasən gənc seçicilər iştirak edirdi və onların problemləri müzakirə mövzusu oldu.

Görüşdə namizəd Gülşən Paşayevanın vəkilləri – AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, siyasi elmlər doktoru, professor Rəna Mirzəzadə, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə, 136 saylı tam orta məktəbin direktoru Aysel Şərbətova, beynəlxalq gənclər siyasəti üzrə ekspert Məryəm Məcidova, Binə və Qala qəsəbələrində yaşayan gənc sakinlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan vəkil Rəna Mirzəzadə deputatlığa namizəd Gülşən Paşayevanı 20 ildən artıq bir dövr ərzində tanıdığını bildirərək onun haqqında öz  xoş fikirləri ilə bölüşmüşdür.

Vəkil Ayxan Rüstəmzadə Gülşən Paşayevanın pedaqoji, elmi və beynəlxalq sahədə əldə etdiyi nailiyyətlərdən danışıb.Deputatlığa namizəd Gülşən Paşayevanın təşviqat kampaniyası çərçivəsində gördüyü işlərdən bəhs edən Ayxan Rüstəmzadə gənc seçiciləri fəal olmağa dəvət edib.

Sonra çıxış edən vəkil Aysel Şərbətova gənclərin daim axtarışda olan, yeniliyi sevən, cəmiyyətin aparıcı bir qüvvəsi olduğunu qeyd edib. A. Şərbətova Gülşən Paşayevanın deputat seçiləcəyi təqdirdə səlahiyyətləri çərçivəsində gənclərin problemlərini aidiyyatı qurumlar qarşısında qaldıracağını bildirib və seçiciləri Gülşən Paşayevaya səs verməyə çağırıb.

Məryəm Məcidova isə gənclərin seçkilərdə iştirakının əhəmiyyətindən və onların hüquqlarını bilməsinin vacibliyindən bəhs edib. Məryəm Məcidova Gülşən Paşayevanın millət vəkili kimi seçicilərini  lazımı səviyyədə təmsil edəcəyinə əminliyini ifadə edib.

Daha sonra Gülşən Paşayeva seçki platforması haqqında görüş iştirakçılarına geniş məlumat verib, deputat seçiləcəyi təqdirdə dövlət qurumları, yerli icra orqanları və bələdiyyələrlə seçicilərin problemlərinin həlli üçün səlahiyyətləri çərçivəsində birgə səylə çalışacağını, onlarla bərabər olacağını vurğulayıb.

Görüş iştirakçıları narahat edən məsələlərin müzakirəsi ilə davam edib və səmərəli fikir mübadiləsi aparılıb. Sakinlərin qaldırdıqları bütün problemlər namizəd Gülşən Paşayeva tərəfindən qeydə alınıb.

Avqustun 28-də eləcə də, Gülşən Paşayeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Binə- qəsəbəsi Atçılıq massivində seçicilərlə daha bir məhəllə görüşü keçirib.

Görüşdə seçicilər şirin su, kanalzasiya, evlərin sənədləşdirilməsi və sakinlərin qeydiyyata salınması və digər ümumi problemlər barədə deputatlığa namizəd Gülşən Paşayevaya ətraflı məlumat veriblər.

Daha sonra namizəd seçiciləri öz platforması barədə məlumatlandırıb, onların şəxsi qayğılarını da dinləyib, suallarını cavablandırıb.

Xoş münasibətə və dəstəyə görə seçicilərinə təşəkkür edən Gülşən Paşayeva bundan sonra da seçicilərin etimadını doğrultmaq üçün var gücü ilə çalışacağını bildirib.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində bitərəf namizədin Binə və Qala qəsəbəsində görüşləri davam edəcək.