Nizami rayonunda ağacların kəsilərək tikinti aparılmasının qarşısı alındı – FOTO/VİDEObackend

Nizami rayonunda ağacların kəsilərək tikinti aparılmasının qarşısı alındı – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev 31 ünvanında yaşayan sakinlər binanın həyətindəki ağacların kəsilmə təhlükəsindən narahatdır.

Sakinlərdən “Report”a daxil olan müraciətdə bildirilib ki, ərazidəki ağacların kəsilərək yerində tikinti işi aparılması üçün işlər görülür. Artıq sözügedən ünvana tikinti üçün materiallar da gətirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cavab olaraq xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı yaşıllıq əraziyə mişar daşının tökülməsi faktı qeydə alınıb:

“Ərazidə 14 müxtəlifcinsli ağacın olduğu müəyyən edilib. Ağaclar tərəfimizdən qeydiyyata alınaraq nəzarətə götürülüb. Hazırda torpaq sahəsinin mənsubiyyəti və kimin mülkiyyətinə verilməsi istiqamətində araşdırmalar aparılır”.

Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov da isə bildirib ki, ağacların kəsilməsi təhlükəsi ilə bağlı ərazidə yaşayan sakinlərdən müraciət daxil olub:

“Məsələni öyrənən kimi dərhal müdaxilə etdik və tikilinin qanunsuz olduğu ortaya çıxdı. Özünü idmançı kimi təqdim edən şəxs ağacları kəsdirib yerində tikinti aparmaq istəyirdi. Lakin operativ müdaxiləmiz nəticəsində iş dayandırıldı. Hazırda tikinti materialları ərazidən götürülür”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat katibi İradə İbrahimova qeyd edib ki, qeyd edilən ünvanda yaşıllıq sahəyə tökülmüş mişar daşları ərazidən yığışdırılıb.