“Onlar Fəvvarələr Meydanında başıaşağı asılmalıdır“ – Bəhram Bağırzadəbackend

“Onlar Fəvvarələr Meydanında başıaşağı asılmalıdır“ – Bəhram Bağırzadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrə görə bıçaqlanaraq öldürülən paytaxt sakini müzakirələrə səbəb oldu.

Hadisə 1991-ci il təvəllüdlü Natiq Ramazanovun Əli Musayevlə görüşməsi zamanı baş verib. Yazdığı şərhə görə Natiq Ramazanovla mübahisə edən Ə.Musayev ona sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.

Bu gün sosial şəbəkələrin faydaları ilə yanaşı, burada söyüşcül dəstələrin tüğyan etməsi də ciddi problem olaraq qalır. Sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan seli diqqət çəkir.

Bəs görəsən, bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Bəhram Bağırzadə məsələyə özünəməxsus tərzdə yanaşıb:

“Bu sualı əvvəlcə prokurorluğa vermək lazımdır ki, görək bu tip halların qarşısının alınmasının yollarını nədə görürlər? Bizdə həm Daxili İşlər Nazirliyi, hüquqşünaslar, Cinayət Məcəlləsi var, orada nə deyilirsə, əməl etmək lazımdır. Bu tip şərhlərin hamısı tərbiyəsizlikdən, mədəniyyətsizlikdən irəli gəlir. O da birbaşa valideynlərin həmin şəxsə tərbiyə verməməsi ilə bağlıdır. Son 20-30 ildə biz əfsuslar olsun ki, müharibə dövründə yaşadıq. Və məktəbdə, təhsildə tərbiyəni bir qədər əldən buraxdıq. Valideynlər övladlara tərbiyə verməyə çatdırmadı, məktəb də bunu etmədi. Əvvəl bu var idi, ona görə belə hallar olmurdu, ola da bilməzdi. Sovetin vaxtında belə “Tik-Tok”, “Facebook”, “İnstagram” kimi sosial şəbəkələr olsaydı, bu cür hallar yaşanmayacaqdı, çünki birinci Allah qorxusu, xofu, ikinci isə dövlət qanunları var idi. İnsanlar bu qanunlardan qorxacaqdı. Düşünəcəkdi ki, əgər mən belə yazsam, dövlət qarşısında cavab verməli olacağam”.

Aktyor bu kimi halların qarşısının alınması üçün ciddi cəza sisteminin vacibliyini vurğulayıb:

“İnsan etdiyi əmələ, dediyi, yazdığı sözlərə görə məsuliyyət daşımalıdır. Baxın, bu yaxınlarda İmişlidə 11 yaşlı qızı zorladılar, onun aqibəti nə oldu bilinmir. Əgər həmin şəxsi cinsiyyət orqanından Bakı şəhərinin mərkəzi küçələrində assaydılar, inanın ki, bu hadisə bir daha Azərbaycanda yaşanmazdı. Və bu gün “Tik-tok”da yaxud başqa sosial şəbəkələrdə durmadan təhqir yazanları Fəvvarələr meydanından başıaşağı assaydılar, problem bir günə həll olunardı, bir daha sosial mediada bu cür şərhlərə rast gəlməzdik. Ən böyük problem buna görə cəzanın olmamasıdır, bu şəxslər dövlət tərəfindən cəzasını almalıdır. Cəza olmayan yerdə bu cür hallar hələ çox davam edəcək”.