Rusiyada helikopter pilotu vulkan üzərində təcili eniş edib, lakin həyatını xilas etmək mümkün olmayıb.
Interpress.az xəbər verir ki, hadisə barədə yerli KİV-lər məlumat yayıb.
Rusiyanın Kamçatka bölgəsində “Robinson” markalı helikopterin 59 yaşlı pilotu uçuş zamanı ürəktutması keçirməsinə baxmayaraq, hava nəqliyyat vasitəsini Krašeninnikov vulkanının yamacına endirməyə nail olub.
Bildirilir ki, pilot enişdən dərhal sonra öz səhhəti barədə məlumat verib və tibbi yardım üçün təcili hava təxliyəsi hazırlığına başlanılıb. Lakin həkimlər gələnədək pilotun vəziyyəti kəskin pisləşib və o, dünyasını dəyişib.
Hadisə yerinə çatan xilasetmə qrupları pilotun cəsədini və helikopterdəki turistləri təxliyə ediblər.
Qeyd edək ki, Krašeninnikov vulkanı Kamçatka yarımadasında yerləşir və bu bölgə turistlər arasında məşhur sayılır.
Xuraman Etibarlı
Interpress.az