Polkovnik Hüseyn Qaçayev: “Kəlbəcər, Qubadlı və Şuşada səhra hospitalı yaratdıq” – FOTObackend

Polkovnik Hüseyn Qaçayev: “Kəlbəcər, Qubadlı və Şuşada səhra hospitalı yaratdıq” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Hərbi Hospitalında Kəlbəcərin işğaldan azad olunmasının 2-ci ildönümü qeyd olunub.

İnterpress.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, 44 günlük Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər Hərbi Hospitalının rəisi tibb xidməti polkovniki Hüseyn Qaçayev bildirib ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində iki il öncə Kəlbəcər şəhəri də daxil olmaqla 147 yaşayış məntəqəsi şanlı ordumuzun qələbələri sayəsində işğaldan azad olunub. Onun sözlərinə görə, Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan belə daxil olub:

“Artıq bundan sonra biz komandanlıq tərəfindən tapşırıq gəldi ki, Kəlbəcərdə səhra hospitalı yaradaq. Qeyd edim ki, bundan öncə Gəncə Hərbi Hospitalının heyətinə işğaldan azad olunmuş Qubadlı rayonu və Şuşa şəhərində səhra hospitalının yaradılması ilə bağlı tapşırıq gəldi. Bu vəzifənin öhdəsindən layiqincə gələndən sonra Kəlbəcərdə də səhra hospitalının yaradılması tapşırığını aldıq. Hospital 4 təcili tibbi yadım avtomobili, 4 sürücü, 4 həkim və 4 feldşer olmaqla ümümulikdə 31 nəfərlik nümayəndə heyətimiz Kəlbəcərə doğru yola çıxdı. Orada yeni hospitalın yaradılması üçün hazırlıq işlərinə başladıq.

Daha sonra tibb işçilərimiz yaralı hərbi qulluqçulara fasiləsiz və yüksək peşəkarlıqla xidmət göstərdilər. Digər yerlərlə müqayisədə Kəlbəcərdə gündüz 4-5 dərəcə şaxtada, kommunal şəraiti olmayan yerdə fəaliyyət göstərirdik. Hospitalda iki əməliyyatxana, sarğı otağı, rentgen və USM aparatları ilə təchiz olunmuş müayinə otağı və 5 müalicə çadırı quruldu. Binada müxtəlif ölçülü generatorlar quraşdırılaraq tam işıq təminatı təşkil edildi. Geyim ləvazimatı, qida təminatı, gecələmək üçün münasib yerlərin müəyyən olunması və digər bu kimi ehtiyaclar yüksək səviyyədə qarşılanırdı. Kəlbəcərdə tam 1 il fəaliyyət göstərdik və buna görə də kollektivimizə təşəkkür edirəm”.

Polkovnik H.Qaçayev onu da diqqətə çatdırıb ki, Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Rayon ərazisi nəinki yay turizminin, eləcə də qış turizminin də inkişafı üçün böyük potensiala malikdir.
“Rayonda infrastrukturun yaradılması, hotel və digər turizm mərkəzlərinin qurulması yerli turistlərlə yanaşı, xarici ölkələrdən də turistlərin buraya cəlb edilməsinə şərait yaradacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Dövlət başçısı bu il iyunun 26-da Kəlbəcərdə səfərdə oldu və orada həyata keçirilən işlərlə tanış oldu. İndi Kəlbəcərin 77 000-dən çox əhalisi doğma yurda qayıdış gününün başlamasını səbrsizliklə gözləyir”.

Tədbirin sonunda H.Qaçayev tərəfindən Kəlbəcərdə peşə fəaliyyətini uğurla yerinə yetirən tibb işçilərinə fəxri fərmanlar verilib.