Polşanın Baş Konsulluğu Sankt-Peterburqdakı işini rəsmən dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğu rəsmən bağlanıb.
Ölkənin diplomatik nümayəndəliyinin yerləşdiyi binadan Polşa və Avropa İttifaqının bayraqları götürülüb, girişdəki lövhə də sökülüb. İşçilər malikanəni tərk ediblər.
Yanvarın 8-də Sankt-Peterburqdakı Baş Konsulluğun bağlanacağı ilə bağlı daha əvvəl Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski məlumat vermişdi.
Baş Konsulluğun bağlanması Polşanın Poznandakı Rusiya Baş Konsulluğunun bağlanmasına əks tədbir idi.
Dekabrın 5-də Rusiya Xarici İşlər Nazirliyi Varşavaya xəbərdarlıq edib ki, Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğu 2025-ci il yanvarın 10-dək fəaliyyətini dayandırmalıdır.
Həmçinin, Rusiya Xarici İşlər Nazirliyi “qarşılıqlılıq prinsipini” rəhbər tutaraq, üç polşalı diplomatın Rusiya Federasiyasının ərazisini tərk etməli olduqlarını elan edib;
Bundan əvvəl Poznanda rus diplomatları persona non-qrata elan edilmişdi.
Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski bildirib ki, Polşa Sankt-Peterburqdakı Baş Konsulluğun bağlanmasına əhəmiyyət vermir.
Xuraman Etibarlı
İnterpress.az