Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.
İnterpress.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.
Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyaların istifadəyə verildiyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü bir neçə ildən sonra 500 meqavat təşkil edəcək”.