“Ermənistan Şərqi Zəngəzurla Naxçıvan arasında əlaqənin yaradılması ilə bağlı öz öhdəliklərini yerinə yetirmədi”.
İnterpress.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən deyib.
Prezident bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını əbədiləşdirməyə çalışırdı: “İşğal dövründə həyata keçirilmiş vasitəçilik missiyaları tamamilə uğursuz olmuş, işğal və təcavüzün nəticələrini aradan qaldırmamışdır”.
Dövlət başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanmış 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri Ermənistan yerinə yetirmədi: “Belə ki, Ermənistan nəinki Qarabağdakı silahlı qüvvələrini ərazidən çıxarmamışdır, hətta həmin ərazini hərbi texnikanın, silahlı qüvvələrinin şəxsi heyətinin və minaların daşınması üçün məqsədyönlü şəkildə istifadə edirdi”.