Priqojin Afrikada sonuncu selfi çəkdirib
Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin Moskva yaxınlığında öldüyü təyyarə qəzasından bir neçə gün əvvəl çəkilmiş fotoları ortaya çıxıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şəkillərdə Priqojinin Vaqner qoşunlarının yerləşdiyi Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi olduğu düşünülən ərazidə insanlarla selfi çəkdirdiyi görünür. Xüsusilə Ukrayna müharibəsi zamanı hərbi geyimdə kameralar qarşısına keçən Priqojin fotolarda mülki geyimdə görünür.
Sözügedən fotoların Priqojinin ölməzdən əvvəl yayımladığı son videosundan əvvəl çəkildiyi güman edilir. Malidə çəkildiyi deyilən son videoda əlində tüfənglə görüntülənən Priqojin “İşləyirik. İstədiyimiz kimi temperatur 50 dərəcədən yuxarıdır. Vaqner Rusiyanı bütün qitələrdə böyüdü, Afrikanı isə daha azad etdi”.
Bu arada Vaqnerin mətbuat xidməti Priqojinin Sankt-Peterburqda dəfn edildiyini açıqlayıb.
Mərasimin “qapalı formatda” keçirildiyi və vidalaşmaq istəyənlərin Poroxovskoye qəbiristanlığını ziyarət edə biləcəyi qeyd edilib. Kremlin dünən verdiyi açıqlamada Putinin Priqojinin dəfnində iştirak etməyəcəyi bildirilib.
Digər tərəfdən, ötən gün Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinə (FSB) məxsus Mi-8 tipli hərbi helikopter Rusiyanın Çelyabinsk vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfərin öldüyü vurğulanıb. Sakinlərdən xəsarət almadığı bildirilib.
Rusiya lideri Vladimir Putin Hindistan lideri Narendra Modiyə telefonla zəng edərək, 9-10 sentyabrda Hindistanda keçiriləcək G20 sammitinə “çox məşğul olduğu” üçün qatılmayacağını və onun yerinə xarici işlər naziri Sergey Lavrovu göndərəcəyini bildirib. İki lider Putinin keçən həftə keçirdiyi BRİKS sammiti və “qarşılıqlı narahatlıq doğuran məsələlər” haqqında da danışıblar. Putin də keçən il Balidə keçirilən G20-də iştirak etməyib.