Amerikalı qadın Novo-Oqaryovoda (Rusiya Federasiyası Prezidentinin dövlət iqamətgahının yerləşdiyi yer) FMX əməkdaşları tərəfindən saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, 30 yaşlı ABŞ vətəndaşı bir neçə həftə əvvəl saxlanılıb (saxlanmanın dəqiq tarixi məlum deyil).
Qadın adının Aleksa Rey olduğunu və Texasda doğulduğunu bildirib. Aleksa Novo-Oqaryovoya niyə gəldiyini izah edə bilməyib: qadın rus dilini bilmir.
Nəticədə o, araşdırılması üçün polisə təhvil verilib.
Sosial şəbəkələrə görə, Aleksa tez-tez Rusiyaya səfər edir. O, hazırda burada turist vizası ilə yaşayır.
Mənbələrin bildirdiyinə görə, qadın 2024-cü ilin sentyabrından Krasnoqorskda oteldə qeydiyyatda olub, lakin otelin Yeni il bayramı ilə əlaqədar bağlanması səbəbindən dekabrın 31-də oranı tərk edib.
“Amerikalı qadına qarşı inzibati (yaxud cinayət) işi açılıbmı, yoxsa bəlkə də, o, sadəcə olaraq azad edilib”, – KİV yazıb.
Xuraman Etibarlı
İnterpress.az