Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə “Birlikdə yaşadaq” şüarı altında keçirilən “YAŞAT” Xeyriyyə marafonu davam edir.
Xeyriyyə marafonunun məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qazilərə və şəhid ailələrinə dəstək üçün çağırışlar etmək, birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycan diasporunun daim dövlətimizin, torpaqlarımızın azadlığı yolunda canını və sağlamlığını fəda edən insanların yanında olduğunu göstərməkdir.
Marafonda bütün dünya azərbaycanlıları “Gəlin yaşadaq” şüarı altında birləşərək, qələbəni bizə yaşadanlara və zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar.
Qeyd edək ki, marafon mayın 25-i ictimaiyyətə təqdim ediləcək. Müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış edəcəklər.
Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyev bu proyektdə aktiv şəkildə iştirak etmək üçün paylaşımlar etdiklərini bildirdi:
“Diaspor Komitəsinin “YAŞAT” Fondu ilə bağlı gerçəkləşdirdiyi tədbirə biz qoşulmuşuq. Komitə tərəfindən göndərilən məlumatı diaspor nümayəndələri arasımnda paylaşdıq ki, onlar da bu tədbirdə aktiv iştirak etsinlər. Bildiyiniz kimi, tək indi yox, həm də müharibə və ondan sonraki dövrlərdə Rusiyada yaşayan azərbaycanlılar Azərbaycan ordusuna, qazilərə və şəhid ailələrinə aktiv şəkildə dəstək göstəriblər.
Bu gün də “YAŞAT” Fondu çərçivəsində bunu edirlər. Rusiyada yaşayan azərbaycanlılar arasında bu məsələyə dair güclü təbliğata ehtiyac yoxdu. Çünki burada imkanı olan hər bir azərbaycanlı ianə etməyi özünə borc kimi bilir və hansısa bölgədə şəhid ailələri, qazilər varsa, onlara yardım göstəririk”.
Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva çox sayda soydaşımızın “YAŞAT” marafonuna qoşulduğunu qeyd etdi:
“Ana Vətən Avropa-Azərbaycanlıları Qadınlar Birliyi olaraq buradakı insanlarımıza aksiyaya qoşulmaq üçün müraciət etdim. Və bu müraciətim əsasında çox sayda insan müsbət cavab verdi. Müəyyən miqdarda pul toplanıb. Onu da ianə etmişik. Biz marafonda aktiv olmağa çalışırıq”.
Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Fransada yaşayan azərbaycanlıların marafonda aktiv şəkildə iştirak etdiyini söylədi:
““YAŞAT” marafonu ilə bağlı bir neçə həftədir ki, danışıqlar gedir, müzakirələr aparılır. Biz Fransada yaşayan azərbaycanlılar aksiyada aktiv şəkildə iştirak etməyə çalışacağıq. Əlbəttə, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarından keçmiş şəhidlərin ailələrinə, eyni zamanda bizim üçün canlarını təhlükəyə atan qazilərimizə dəstək göstərmək bizim hər birimizin borcudur. Ümid edirik ki, ianə verənlərin sayı çox olacaq. Bu cür layihələri dəstəkləyir və hər zaman Azərbaycanın yanında olduğumuzu bəyan edirik”.
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiriciləri Leyla Bağırzadə aksiyada koordinator kimi iştirak edəcəyini bildirdi:
“İsveçrədə bu marafona müsbət baxılır. Burada İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası fəaliyyət göstərir. Bizim ianələrimiz olacaq. Kimin imkanı nəyə çatırsa, o qədər də inaə edəcək.
Bizim şuranın nümayəndəsi, Fətəli Xoyskinin nəticəsi Mariya xanım Xoyski də marafonda iştirak edəcək.
Ümumiyyətlə, İsveçrədə yaşayan azərbaycanlılar bu cür proyektlərə çox müsbət yanaşırlar”.
İnterpress.az