Avropa İttifaqının Rusiyanın neft qiymətlərinə tətbiq etdiyi tavanı dekabr ayında hasilata təsir etməyəcək.
İnterpress.az “Reuters”ə istinadən bildirir ki, bununla bağlı Rusiya baş nazirinin müavini Aleksandr Novak açıqlama verib.
Onun sözlərinə görə, dekabr ayı üzrə tədarük müqavilələri oktyabr və noyabrın əvvəlində baş tutub. Ona görə də dekabr ayında neft daşımalarında dəyişiklik gözlənilmir.
Yanvar ayı üçün müqavilə danışıqları isə davam edir:
“Bazarda çox qeyri-müəyyənlik var, lakin neftimizə qlobal tələbat var və biz bu tələbin davam edəcəyinə inanırıq”.
Qeyd edək ki, ABŞ, İngiltərə, Avstraliya və Kanada Ukraynadakı müharibə səbəbindən Rusiya neftinin idxalını dayandırıb. Avropa İttifaqı isə dekabrın 5-dək Rusiyadan xam neft nəqlini tamamilə kəsmək qərarına gəlib.






