Azərbaycanın Şanlı Zəfəri: beynəlxalq aləmdə separatizm və terrorizm təhlükəsinə qarşı bir xalqın başladığı Milli Hərəkatın parlaq nəticəsi – Natiq Çıraqzadə yazır
XX əsrin sonlarında bizim regionumuzda milli dövlətçilik ənənələri əsasında xalqların öz müqəddaratını təyin etmək meylləri, Sovet imperializminin çöküşünü daxildən sürətləndirən, süqutuna rəvac verən əsas amil kimi qiymətləndirilir. Bu hərəkatların tarixi kökləri, siyasi məntiqi və toplum psixologiyası baxımından ən zəngini məhz Azərbaycanda reallaşdı və əsrlər boyunca, bu coğrafiyaya ən əhəmiyyətli töhfələri vermiş, cəsarəti,mədəniyyəti və tarixi minillərə uzanan dövlətçilik ənənələri ilə fərqlənən Azərbaycan xalqı yenidən öz müstəqilliyini məhz öz qanı bahası ilə bərpa etdi.
Ancaq, yenə – bu səfər daha yırtıcı formada baş qaldıran imperializm, separatizm və bölücü terrorizm fəaliyyətlərindən təzyiq və təsir vasitəsi kimi istifadə etməklə, Azərbaycan xalqının öz ata torpaqlarını ondan uzun bir müddət qopardı. Bu dəfəki imperial təfəkkür isə, həm şimaldan,həm qərbdən,həm də cənubdan bütün mümkün metod və vasitələrlə bizi öz haqlı mübarizəmizdan əl çəkməyə məcbur edir,illər ötdükcə yavaş-yavaş hər bir azərbaycanlının qəlbində və fikrində olan o böyük ümidləri puç etmək üçün səfərbər olmuşdu. 30 ilə yaxın uzun və ağrılı zaman kəsiyi dövründə, beynəlxalq birliyin qəbul etdiyi qətnamələrin də, müxtəlif beynəlxalq və regional təşkilatların bəyanatlarının da, ayrı-ayrı formatlarda keçirilən yüzlərlə görüşlərin də nəticəsiz qalması məhz onun göstəricisi idi ki, dünya birliyi Azərbaycan xalqının öz haqq mübarizəsində ona ciddi dəstək vermək, tarixi ədaləti bərpa etmək niyyətində deyil və ümumiyyətlə, qonşuluğumuzda olan bir çox dövlətlər başda olmaqla beynəlxalq birlik keçmiş Qarabağ münaqişəsindən siyasi məqsədlərinə çatmaq üçün mexanizm vasitəsi kimi istifadə edir.
Hesablamadıqları tək məsələ isə, Azərbaycan Respublikasının bir dövlət kimi 30 il ərzində, əvvəllə müqayisə edilməyəcək şəkildə güclənməsi, iqtisadi,hərbi,siyasi sferada öz yerini möhkəmləndirməsi və Azərbaycan xalqının öz əzəli torpaqlarından heç bir zaman əl çəkməyərək bütün dünyaya Milli özünüdərk dərsi keçməsi idi. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi, Azərbaycan dövlətinin haqlı mövqeyi,mübarizəsi ilə yanaşı eyni zamanda Azərbaycanın xarici siyasət konsepsiyasının uğurla işlənib-hazırlandığı gerçəkliyi nəticəsində tarixi Qələbə ilə yekunlaşdı. Bu gün dünyada bir çox başqa münaqişə ocaqları da var və biz şahid oluruq ki, dünya birliyində təmsil olunan qütblərin bu münaqişələrə yanaşması, münaqişələr dondurulan zaman və isti toqquşmalar başlayan zaman bir-birindən fərqli olur. Bizim Zəfərimizin xarakterik xüsusiyyəti həm də, onunla səciyyələndi ki, bu Vətən müharibəsini aparanlar, tarixi minillərə söykənən hərb tərbiyəsi və təcrübəsini damarlarındaki qanda daşıyan və 200 ilə yaxın Zəfərə susamış Qəhrəman Azərbaycan övladları idi.
Biz başqalarından fərqli olaraq hansısa cinayətkar dəstələrdən mədət ummadan, öz əməyimiz sayəsində yetişdirdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin igid qulluqçularına arxalandıq və bu Vətən müharibəsinin sifarişçisi də məhz, Azərbaycan xalqı idi. Bir çox ağrılı itkilərimizin olacağını bilməyimizə rəğmən, Azərbaycan xalqı olaraq təşəbbüsü ələ almağımız,bir daha Qarabağ torpaqlarının gerçək sahibinin kim olduğunu nümayiş etdirdi. Azərbaycan xalqı tərəfindən verilən bu sosial sifarişi məharətlə yerinə yetirən Azərbaycan Respublikasının siyasi və hərbi rəhbərliyi, bu gün tarixi missiyasını uğurla tamamlamış sayılır. Böyük Zəfərin 3-cü ildönümündə Azərbaycan xalqının fikirdə,əməldə və işdə birlik prinsipi ilə Azərbaycan rəhbərliyinə göstərdiyi dərin etimad, bizim hər zaman hər şeyin fərqində olduğumuzu sübut edir.
Nəticə etibarı ilə, 8 Noyabr – Azərbaycanın şanlı Zəfəri, beynəlxalq aləmdə separatizm və terrorizm təhlükəsinə qarşı bir xalqın başladığı Milli Hərəkatın parlaq nəticəsi olaraq tarixə qızıl hərflərlə həkk olundu və Müqəddəs Azərbaycan Ordusu, tarixi torpağımız olan Xankəndi şəhərində keçirdiyi bugünki möhtəşəm Zəfər Paradı ilə, üç il öncə boğduğu erməni separatizmini çox dərinlərə gömdü.
Zəfərimiz mübarək!
Allah, Şəhidlərimizə rəhmət etsin!