Almaniyada yarmarkada izdihamın üzərinə sürən avtomobildə vəsiyyətnamə tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
Almaniyanın Maqdeburq şəhərində izdihamın üzərinə sürülən avtomobilin içərisindən vəsiyyətnamə tapılıb.
Qeyddə sürücü ölümündən sonra bütün əmlakının Almaniya Qızıl Xaç Cəmiyyətinə (DRK) veriləcəyini bildirib. Nəşrin qeyd etdiyi kimi, yazıda heç bir siyasi mesaja rast gəlinməyib.
Həmin şəxs cinayətin törədilməsinə bir həftədən çox vaxt qalmış, dekabrın 11-də BMW icarəyə götürüb.
Faciə dekabrın 20-də axşam Milad bazarında baş verib. Saxlanılan avtomobilin sürücüsü 1974-cü il təvəllüdlü, Maqdeburqdan təxminən 300 km aralıda Bernburqda işləyən Səudiyyə Ərəbistanından olan həkimdir.
Maqdeburqun baş prokuroru Horst Nopens deyib ki, səbəb Almaniyada Səudiyyə Ərəbistanı qaçqınlarına münasibətdən narazılıq ola bilər.
Polisin məlumatına görə, toqquşma nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 200-dən çox yaralı var.
Hadisədən sonra yarmarka bağlanıb. Əvvəlcə onun dekabrın 29-na kimi açıq olacağı planlaşdırılırdı.
Xuraman Etibarlı
İnterpress.az