Suriya YPG terror qruplaşmasının tezliklə buraxılacağını elan edib.
İnterpress.az xəbər verir ki, bu barədə Suriya KİV məlumat yayıb.
Təşkilatın hərbi, təhlükəsizlik və mülki strukturlarının ölkənin dövlət təsisatlarına inteqrasiyası son mərhələyə qədəm qoyub. YPG terror təşkilatının buraxılması yaxın vaxtlarda elan edilə bilər.
Bu barədə Suriyanın Ölkə Hökuməti ilə YPG terror təşkilatı arasında sazişin icrası üzrə Prezident Komissiyasının nümayəndəsi Əhməd əl-Hilali bildirib.
“Syria TV” efirində o bəyan edib ki, razılaşmaların icrası üzrə hazırlıq işləri, o cümlədən məhkəmə prosedurları ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi davam edir. Onun sözlərinə görə, proses yekun mərhələyə daxil olub.
Hilali qeyd edib ki, YPG terror təşkilatının hərbi, təhlükəsizlik və mülki strukturlarının Suriyanın dövlət institutlarına inteqrasiyası “qabaqcıl mərhələyə” keçib. O vurğulayıb ki, ən mürəkkəb mərhələlər artıq arxada qalıb və yerlərdə razılaşmaların icrası irəliləyir.
Komissiya nümayəndəsinin sözlərinə görə, son vaxtlar sazişdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində əhəmiyyətli tərəqqi əldə olunub və bu, prosesin növbəti mərhələsi üçün şərait yaradır.
Hazırkı dəyişikliklərin əsasını yanvarın 29-da Suriya hakimiyyəti ilə YPG terror qruplaşması arasında əldə olunmuş saziş təşkil edir.
Sənəd atəşkəsi və təşkilatın strukturlarının mərhələli şəkildə ölkənin dövlət sisteminə inteqrasiyasını nəzərdə tutur.
Xuraman Etibarlı
İnterpress.az






