Suriyanın yeni hökumətinin nümayəndələri İsraillə münasibətləri normallaşdırmaq niyyətlərini bəyan etməkdə davam edirlər.
İnterpress.az xəbər verir ki, bu barədə Dəməşqin yeni təyin olunmuş qubernatoru Maher Mərvan Amerikanın NPR telekanalına müsahibəsində bildirib.
“Biz (Suriyanın yeni hakimiyyət orqanları) İsrailin təhlükəsizliyini təhdid edəcək heç bir işə qarışmaq istəmirik”, – o deyib.
Onun sözlərinə görə, İsrail ordusunun Suriya ilə sərhəddə irəliləməsi çox güman ki, İsrailin təhlükəsizliklə bağlı “təbii qorxuları” ilə bağlıdır.
“Biz İsraildən qorxmuruq və bizim problemimiz İsrail deyil”, – Mərvan əlavə edib.
Sonda qubernatorqeyd edib ki, Suriyanın yeni hökuməti “sülh istəyir”, buna görə də İsrailin düşməni deyil və ABŞ-ni onunla münasibətləri yaxşılaşdırmağa kömək etməyə çağırıb.
Dekabrın 14-də “Həyat Təhrir əl-Şam” (HTŞ) lideri əl-Culani Əsəd rejiminin devrilməsindən sonra İsraillə bağlı ilk bəyanatında qeyd edib ki, onun hökuməti Yəhudi Dövləti ilə münaqişəyə girmək niyyətində deyil.
Xuraman Etibarlı
İnterpress.az