Şuşanın kəndləri nə vaxt Azərbaycana qaytarılacaq? – Mühüm açıqlamabackend

Şuşanın kəndləri nə vaxt Azərbaycana qaytarılacaq? – Mühüm açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın böyük hissəsi işğaldan azad olundu. Lakin hələ də azərbaycanlılara məxsus olan bəzi ərazilər, o cümlədən, Şuşanın əksər kəndləri işğal altındadır. 

Şuşanın kəndləri nə vaxt Azərbaycana qaytarılacaq?

Milli Məclisin üzvü Elman Məmmədov mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib. Deputat Azərbaycana məxsus bölgələrin bir hissəsində “Artsax Respublikası” adlanan qondarma qurumun hələ də mövcud olduğunu təəssüflə qeyd edib:

“2020-ci ilin 10 noyabr bəyanatı, 2021-ci il 11 yanvar sənədi mövcuddur. Eyni zamanda bu məsələlərlə bağlı 2021-ci il noyabr ayının 26-da üç dövlət rəhbərinin iştirakı ilə bəyanat verildi. 10 noyabr bəyanatında da qeyd edilmişdi ki, Azərbaycanın bütün ərazilərindən Ermənistana məxsus silahlı birləşmələri və digər qeyri-qanuni silahlı birləşmələr çıxarılmalıdır. Bu vəzifə sülhməramlı missiyasını öz üzərinə götürən dövlətlə, Ermənistanın üzərinə düşür. Çox təəssüf ki, Rusiya və Ermənistan bu günə qədər həmin tələb və müddəalara əməl etməyiblər.

Bu məsələ hər bir Azərbaycan vətəndaşını narahat edir. 44 günlük Vətən müharibəsindən sonra ərazilərimizin müəyyən hissələrində hələ də Ermənistan dövlətinə məxsus silahlı birləşmələr, müəyyən qruplaşmalar, eyni zamanda 1991-ci ildən Azərbaycan ərazisində yaradılan və bu günə qədər fəaliyyətini davam etdirən separatçı “Artsax Respublikası” adlanan cinayətkar bir qurum qalmaqdadır”.

Millət vəkili xatırladıb ki, Azərbaycan dəfələrlə həm Rusiya, həm də  işğalçı dövlət qarşısında bu məsələni qaldırıb. Onun sözlərinə görə, qondarma rejimə məxsus silahlı birləşmələri ləğv etməyin iki yolu var:

“Birinci yol odur ki, Azərbaycan sülhsevər dövlət kimi vasitəçi və işğalçı dövlətdən tələb etsin ki, ərazimizdən çıxın. Onlar bizim ərazilərdən çıxmasa, Azərbaycan suveren dövlət kimi öz ərazisini qeyri-qanuni silahlı birləşmələr və separatçı qüvvələrdən  təmizləyə bilər. Azərbaycan hərbi güc tətbiq edib, öz ərazisində antiterror əməliyyatı keçirməyə qadirdir”.

“Bu məsələdə əsas məsuliyyət Rusiyanın üzərinə düşür” – deyə, deputat bildirib:

“Yalnız Şuşanın kəndləri deyil, eyni zamanda Xankəndi şəhəri, Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonunun əraziləri də həmin separatçı qurumun nəzarətindədir.

Əslində, separatçı qurumun nəzarətindədir demək o qədər də düzgün olmaz. Çünki bu gün həmin ərazilərə nəzarəti Rusiya dövlətinin hərbi kontingenti həyata keçirir. Həmin separatçı qurum Rusiya hərbiçilərinin himayəsi altındadır, sülhməramlıların razılığı ilə orada fəaliyyət göstərirlər.  Yəni bu məsələdə əsas məsuliyyət daşıyan Rusiya Federasiyasıdır. Hesab edirəm ki, Vladimr Putin öz imzasına, sözünə hörmət edən bir rəhbərdir. Bu məsələdə də nüfuzunun aşağı düşməməsi üçün imzaladığı sənədin müddəalarına əməl olunmasını tələb etməlidir.

Azərbaycan 27-28 il ərzində BMT, ATƏT başda olmaqla dünyanın bütün qurumlarına, ATƏT-in həmsədrlərinə dəfələrlə demişdi ki, işğalçı dövlət bizim ərazimizdən çıxsın, əks təqdirdə biz torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik. Lakin ermənilər ərazilərimizdən çıxmadı, nəticəsi nə oldu? Azərbaycan ermənilərin təxribatına güc yolu ilə cavab evrdi, Vətən müharibəsi başladı, torpaqlarımızı işğaldan azad etdik. BMT qətnamələrini icra etdik, ATƏT-in görə bilmədiyi işi də gördük. İndi isə Rusiya və Ermənistan imzaladıqları bu tələblərə əməl etməsə, Azərbaycan özü öz ərazisini düşməndən, separatçılardan təmizləyəcək”.

Mehri QURBAN 

 

Şuşanın kəndləri nə vaxt Azərbaycana qaytarılacaq?  - Mühüm açıqlama