“Taksi sürücüsünün müştəriyə çay təklif etməsi heç bir hüquqi məsuliyyət yaratmır“ – Tanınmış vəkilbackend

“Taksi sürücüsünün müştəriyə çay təklif etməsi heç bir hüquqi məsuliyyət yaratmır“ – Tanınmış vəkil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda xanım sərnişin taksidə qısnamaya məruz qalıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, taksi sürücüsü qadına birgə çay içməyi təklif edib. Qadın da həmin şəxsə rədd cavabı verib. Lakin sürücü yenə də sərnişinə təkliflərini davam etdirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin sürücü müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış vəkil Əsabəli Mustafayev sürücünün çay təklifinin hüquqi məsuliyyət yaratmadığını deyib:

“Bu mövzuda həqiqətən də hansısa hüquqi pozuntu tapmaq bir az çətindir. Əgər sürücü çay içmək təklifini etik çərçivədə, zor tətbiq etmədən, təhqir olmadan edibsə, burada yalnız mənəvi qınaq ola bilər. Tanımadığı xanıma bu təklifi etmək mənəvi baxımdan qınaq obyektinə çevrilə bilər. Bundan əlavə, sözügedən sürücünün təmsil etdiyi nəqliyyat firması varsa, onların qaydalarına uyğun olmaya bilər. Sürücüyə qarşı hər hansı əmək intizamı çərçivəsində sanksiyalar tətbiq edilə bilər. Ancaq hüquqi müstəvidə ictimai yerdə söyüş söyməklə, zor tətbiq etməklə, qarşı tərəfi qorxutmaqla təklif edilməyibsə, burada pozuntu yoxdur. Burada inzibati xəta yaxud cinayət məsuliyyəti yaradan hal yoxdur. Burada mənəvi, əxlaqi davranış qaydalarının pozulması ola bilər”.

Qeyd edək ki, saxlanılan sürücü əməlindən peşman olduğunu deyib:

“İdarə etdiyim “Mercedes” markalı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərirəm. Bu gün Günəşli qəsəbəsində avtomobilimə müştəri kimi oturan xanıma birlikdə istirahət etməyi təklif etmişəm. Əməlimə görə peşmanam”.

Əsmətxanım