Təhsildə Əmrullayevin “Sinqapur”, yoxsa C.Məmmədovun “Ərəb modeli” ?backend

Təhsildə Əmrullayevin “Sinqapur”, yoxsa C.Məmmədovun “Ərəb modeli” ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi KİV-lərdə xəbər verildiyi kimi, bir neçə gün öncə Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov “sürpriz şəkildə” Elm və təhsil nazirliyini və birbaşa nazir Emin Əmrullayevi sərt tənqid edib. Deputatların hökumət üzvlərindən il boyunca toplanmış əsasən şəxsi zəmində olan narazırılıqlarını bir qayda olaraq büdcə müzakirələri zamanı ictimai tənqid formasında səsləndirmələri sirr deyil. Lakin C.Məmmədovun tənqdiləri büdcə müzakirəsindən çox sonraya təsadüf etdiyi üçün ictimaiyyətin diqqətini məhz sürpriz kimi zəbt edib.

Belə ki deputat nazirin “Sinqapur təhsil modelini” övən sözlərinə gözlənilməz reaksiya verərək “Belə məsələlərin cəmiyyətə açıq-aydın ötürülməsi ……. Azərbaycan təhsilinə yanaşmanın düzgün və sağlam olmamasının göstəricisidir” deyib və E.Əmrullayevi auditoriyadakı vəziyyətdən xəbərsizlikdə günahlandırıb.

E.Əmrullayevin Azərbaycan təhsil sistemində müasir ölkələrin modelinin tətbiqinin tərəfdarı olması sirr deyil. Necə deyərlər, aşıq gördüyünü çalar. Belə ki KİV-lərdə yayınlanmış tərcümeyi halından göründüyü kimi Əmrullayevin yetişməsi əsasən qabaqcıl dünya təhsil sistemində baş verib. O 1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsini bitirdikdən sonra, 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə və 2010–2012-ci illərdə isə “Xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”-nın dəstəyi ilə dünya təhsil reytiniqinin ilk onluğuna daxil olan Kolumbiya Universitetinin İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.

Bəs Ceyhun Məmmədovun təhsil təcrübəsi ona dünya təhsil praktikası haqqında fikir yürütməyə imkan verirmi?

Apardığımız araşdırma bununla əlaqədar ilqinc və gözlənilməz nəticələr üzə çıxarıb. Belə ki deputatın rəsmi tərcümeyi halında onun birbaşa magistr təhsilli olması və bu təhsili Xəzər Universitetində 2000-2002-ci illərdə aldığı qeyd olunur. Lakin magistr dərəcəsinə yiyələnmək üçün öncə bakalavr pilləsində təhsil alınmalıdır. Elə məcara da buradan başlayır. Belə ki internetdə yayılan məlumatlara görə C.Məmmədov bakalavr təhsilini iki dəfə almaq məcburyyətində qalıb – birinci dəfə 1991–1994-cü illərdə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksinin Dəvət və İrşad İnstitutunda, daha sonra isə 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyətində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır.

Birincisi qeyd olunmalıdır ki, nə Suriyanın, nə də Liviyanın adıçəkilən təhsil müəssisələri Azərbaycan təhsil nazirliyi tərəfindən tanınmamışdır. İkincisi çətin ki bu təhsil mərkəzləri (adından göründüyü kimi heç birində universitet anlayışı belə keçmir) dünya təhsil sistemi tərəfindən də qəbul olunsun. Ən azından ona görə ki, hər iki ölkə o dövrdə beynəlxalq sanksiyalar altında idilər (elə indi də elədir). O dövrlərdə həmin ölkələrdə təhsil almış keçmiş tələbələrdən alınan məlumata əsasən isə elə məhz sadalanan səbəblərdən bu ölkələrdə diplomlar xarici tələbələrə rahatlıqla satılırdı. Görünür Suriyada aldıgı diplomun problemli olması deputati eyni sahə və eyni pillə üzrə Liviyada da təhsil almağa vadar etmişdir. Problem ondadır ki, Liviyanın da sözügedən fakultəsi (yeri gəlmişkən mətbuatda hansı universitetin fakultəsi olmasi belə göstərilmir) Azərbaycan təhsil sitemi tərəfindən tanınmamışdır.

2000-ci illərin əvvələrində təhsil sistemində hökm sürən dərəbəylik hallarında belə tanınmamış diplomlarla univeristetlərə qəbul olmaq olardı, lakin deputatın təhsil sənədləri görünür elə bərbad halda olub ki, bu şəraitdə belə o dövlət universitetinə deyil, məhz özəl müəssisəyə qəbul olunub.

İndi ortaya çıxan əsas sual budur – əcəba Emin Əmrullayevin “Sinqapur modelindən” narazılığını ifadə edən deputat, öz təcrübəsindən irəli gələrək Ərəb modelinin təbligi üçünmü çıxış edir? Yoxsa CV-sini səhmana salmaq üçün təhsil nazirliyindən Suriya və Liviya diplomlarının təsdiqlənməsinimi gözləyir?

Hər halda Təhsil nazirliyinin deputatın diplomaları ilə bağlı məsələyə aydınlıq gətirməsi həm ictimai maraq, həm də dövlət rəsmilərinin təhsil sənədlərinin Azərbaycan qanunvericiliyinə uyğunluğu baxımından səmərəli olardı.