Təşvişə düşən Ermənistan yeni silah axtarışına çıxıbbackend

Təşvişə düşən Ermənistan yeni silah axtarışına çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusu tərəfindən ardıcıl zərbələr alan və hərbi texnikası tamamilə məhv olmuş Ermənistan müxtəlif yollarla silah-sursat bazarına çıxmaq və yeni silah almaq üçün yollar axtarır.

Bir müddət əvvəl mediada Ermənistanın sabiq prezidenti R.Koçaryanın Dağlıq Qarabağa səfərdən sonra silah təchizatı ilə bağlı məsələləri həll etməyə çalışdığı barədə məlumatlar getmişdi. Son məlumatlara görə, artıq humanitar yardım adı altında, qaçaqmalçılıq yolu ilə, mülki təyyarələrlə əsasən Rusiyadan Ermənistana silah-sursat daşınmasına başlanıb. Rusiyanın rəsmi orqanlarının bu prosesdə iştirakını təsdiq edən hər hansı məlumat yoxdur.

Silahların daşınması prosesində əsas iştirakçılar Ermənistanın müdafiə naziri David Tonoyan, beynəlxalq silah qaçaqmalçısı kimi tanınan David Qalustyan və iş adamı Samvel Karapetyan çıxış edirlər. Ermənistanda “boz biznesmen” kimi tanınan Samvel Karapetyan baş nazir Nikol Paşinyanın və onun ailə üzvlərinin də iştirak etdiyi böyük silah qaçaqmalçılığı sferasında ad çıxartmışdı. Burada söhbət Ermənistanın KTMT çərçivəsində güzəştli qiymətlərlə əldə etdiyi silahların üçüncü ölkəyə baha qiymətə satışından gedirdi. Məhz bu fırıldağa görə Qalustyan Rusiyadan qovulmuşdu.

Həmçinin, Ermənistana silahların daşınması məsələsində oktyabrın 3-də Rusiyaya səfər edən baş nazirin müavini Mqer Qriqoryanın və oktyabrın 4-də həmin ölkədə olan Ermənistan xarici işlər nazirinin müavini Şavaş Koçayanın da yaxından iştirak etmələrinə dair məlumatlar var.

Hazırda “Atlantic Airways” şirkətinin Ermənistana uçuşlarının bərpa edilməsi, Ermənistandan Rusiyanın Mineralnıye Vodı şəhərinə reyslərin açılması silahların daşınması üçün imkanları daha da genişləndirib. Bütün bunlar Ermənistan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinin, həmçinin Beynəlxalq Mülki Aviasiya Konvensiyasının (Çikaqo Konvensiyası) kobud şəkildə pozulması deməkdir.

Əldə olunan məlumatlara görə, hazırda Ermənistana daşınan silah-sursat “İqla” daşınan zenit-raket kompleksləri, “Kornet” daşınan tank əleyhinə raket kompleksləri, “Smerç” daşınan reaktiv yaylım atəşi sistemləri və s. ibarətdir.

Təbii ki, Rusiyanın rəsmi hakimiyyət orqanlarının bu məsələ ilə maraqlanmasına və müvafiq tədbir görməsinə ehtiyac var. Unudulmamalıdır ki, bu ölkələrdən silah qaçaqmalçılığı hazırda Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini raket atəşinə tutduğu və insan tələfatlarının olduğu bir dövrdə baş verir.

Həmçinin, silah qaçaqmalçılığı üçün ərazisi istifadə oluna biləcək, Azərbaycana siyasi dəstək ifadə edən İranın və öz ərazisindən silah daşınmasına yol verməyəcəyini bəyan etmiş Gürcüstanın da ayıq-sayıq olması lazımdır.

 

 

İnterpress.az