Rusiya və Ukrayna Trampın sülh çağırışına cavab versəydi, saysız-hesabsız ölümün qarşısı alınardı.
İnterpress.аz xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi bəyan edib ki, əgər Rusiya və Ukrayna ABŞ Prezidenti Donald Trampın bu müharibəni dayandırmaq üçün sülh danışıqlarına başlamaq çağırışına vaxtında cavab versəydilər, saysız-hesabsız insanların həyatını xilas etmək mümkün olardı.
Diplomat bu münaqişənin hər hansı bir hərbi həll yolunun olmadığını vurğulayıb.
Bəyanatda qeyd olunur ki, Amerika Birləşmiş Ştatları bir daha münaqişə tərəflərini dərhal atəşkəs elan etməyə və davamlı sülhün bərqərar olunması üçün vicdanlı, səmimi sülh danışıqlarına başlamağa çağırır.
Rəsmi Vaşinqtonun BMT kürsüsündən səsləndirdiyi bu çağırış, Tramp administrasiyasının Ukraynadakı hərbi böhranın diplomatik yollarla tənzimlənməsi istiqamətindəki qətiyyətli siyasətinin növbəti göstəricisi hesab olunur.
Xuraman Etibarlı
İnterpress.аz






