Vladivostokda ac qalan pişiklər həftələrlə dünyasını dəyişən sahibələrinin meyitini yeyiblər.
İnterpress.az xəbər verir ki, bu barədə “Vladivostok1.ru” portalı məlumat yayıb.
Rusiyanın Vladivostok şəhərində xilasedicilər və polis əməkdaşları mənzillərdən birinin qapısını açarkən dəhşətli mənzərə ilə qarşılaşıblar.
Qonşular binanın pilləkən qəfəsində dözülməz meyit qoxusunun olması ilə bağlı şikayət etdikdən sonra hüquq-mühafizə orqanları mənzilə daxil olublar.
Evin içərisində onları saysız-hesabsız tarakanlar, zibil dağları və aclıqdan əldən düşmüş 15 pişik qarşılayıb.
Mənzil o dərəcədə zibillə dolu olub ki, yığılmış tullantılarla tavan arasında cəmi 30 santimetr boşluq qalıb.
Yığınların altından bir müddət sonra 70 yaşlı qadının çürüməkdə olan cəsədi tapılıb. Məlum olub ki, qadın təbii səbəblərdən dünyasını dəyişib.
Evdə qapalı və yeməksiz qalan pişiklər isə sağ qalmaq üçün həftələrlə sahibələrinin cəsədinin qalıqlarını yeməyə məcbur olublar.
Hadisə yerində işləyən xilasedicilər gördükləri mənzərədən şoka düşdüklərini etiraf ediblər.
Qonşuların sözlərinə görə, yaşlı qadın “Plüşkin sindromu”ndan (patoloji əşya toplama xəstəliyi) əziyyət çəkirmiş və illərlə küçədən tapdığı hər şeyi evinə yığırmış.
Məhkəmə-tibbi ekspertlərinin ilkin rəyinə görə, tənhalıqda yaşayan təqaüdçü təxminən 3 ay əvvəl vəfat edib.
Faktla bağlı polis tərəfindən araşdırmalar davam etdirilir, heyvanların xilas edilməsi üçün könüllülər cəlb olunub.
Xuraman Etibarlı
İnterpress.az






