Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstellə Türk dünyasının birliyi müzakirə olunub.
İnterpress.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən görüş çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn, türk dövlətləri və türk toplumlarını təmsil edən nümayəndələr Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin rəsmi iqamətgahında qəbul olunublar.
Görüş zamanı Türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq milli-mənəvi dəyərlərin qorunması, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan türklərin birlik, həmrəylik və bərabərlik ruhunda fəaliyyət göstərməsinin əhəmiyyəti ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
İştirakçılar Türk dünyasının ortaq maraqlarına xidmət edən təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə birgə fəaliyyətin gələcəkdə daha da gücləndirilməsinin önəmini qeyd ediblər.
Görüşdə iştirak edən nümayəndələr Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelə göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Türk dünyasının həmrəyliyi və birliyi naminə atılan hər bir addım ortaq gələcəyin möhkəmlənməsinə mühüm töhfə verir və bu istiqamətdə əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi böyük əhəmiyyət daşıyır.






