Ukrayna Putinin yaxın dostunu AXTARIŞA VERDİ – FOTObackend

Ukrayna Putinin yaxın dostunu AXTARIŞA VERDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Putinə yaxın olan rusiyalı milyarder Arkadi Rotenberqi axtarışa verib.

interpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası hüquq-mühafizə orqanlarının dərc etdiyi sənədlərə istinadən məlumat yayıb. Bildirilir ki, Ukrayna Daxili İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinə yaxın olan rusiyalı milyarder Arkadi Rotenberqi axtarışa verib.

Media qeyd edir ki, Arkadinin oğlu, iş adamı İqora qarşı da axtarış elan edilib.

Onlar “dövlət hakimiyyətinin zəbt edilməsi, ərazinin və ya dövlət sərhədlərinin dəyişdirilməsinə yönəlmiş fəaliyyəti maliyyələşdirmə”, “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması”, habelə “vergi ödəməkdən yayınma” maddələri ilə axtarışdadırlar. Bu hallarda Rotenberqlərin hüquqi statusu göstərilmir.

Araşdırmaçı jurnalistlərin məlumatına görə, Arkadi Rotenberqlə əlaqəli şirkətlər və fondlar Krımın ilhaqının ilk beş ili ərzində təkcə yarımadada hökumət müqavilələrinə rekord məbləğdə 300 milyard rubl xərcləyib.

Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Ukrayna və bir sıra digər ölkələr Arkadi Rotenberqə qarşı sanksiyalar tətbiq edib.

2023-cü ilin martında Ukrayna hakimiyyəti onun aktivlərini, o cümlədən Kiyev Ocean Plaza ticarət mərkəzini milliləşdirib.

Qərbin məhdudlaşdırıcı tədbirləri Arkadi Rotenberqin qardaşı Borisə, həmçinin onların övladları Roman və İqor Rotenberqə də təsir edib.

İyunun 19-da Avropa Ədalət Məhkəməsi İqor Rotenberqin Rusiyanın işğalı ilə əlaqədar ona qarşı tətbiq edilən sanksiyalara etirazını bildirən iddiasını rədd edib.

Xuraman Etibarlı

İnterpress.az