Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.12 və 5.3.11-ci bəndlərinin icrası ilə bağlı şəhər və rayonlar üzrə uşaq əməyinin istismarı hallarının aradan qaldırılması və bu halların mənfi nəticələri barədə maarifləndirmənin gücləndirilməsi istiqamətində təlimlərin təşkili nəzərdə tutulub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 30 aprel 2020-ci il tarixində Gəncə, Naftalan şəhərləri, Samux, Gədəbəy, Ağstafa, Tovuz, Daşkəsən, Qazax, Şəmkir, Kəlbəcər, Goranboy, Göygöl, Xocalı rayonlarının yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları üçün onlayn təlim keçirilib. Dövlət Komitəsi sədrinin köməkçisi Fərid Ədilov uşaq əməyinin istismarı ilə mübarizədə uşaq əməyinin formaları, bununla bağlı beynəlxalq konvensiyalar və onların yaratdığı öhdəliklər, bu sahədə ABŞ və Böyük Britaniya kimi ölkələrin təcrübəsi barədə təqdimatla çıxış edib. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin baş məsləhətçisi Fəridə Hacıyeva əmək qanunvericiliyi çərçivəsində uşaq əməyinin və işləmək üçün minimum yaş həddinin hüquqi cəhətdən əsaslandırılması, uşaq əməyinə dair qanunvericiliklə müəyyən edilmiş əmək normaları və digər imtiyazların tətbiqi barədə məlumat verib. Təlim müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
İnterpress.az