Vaşinqton polisi gücləndirilmiş iş rejiminə keçibbackend

Vaşinqton polisi gücləndirilmiş iş rejiminə keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da keçirilən prezident seçkisindən sonra baş verə biləcək mümkün iğtişaşların qarşısının alınması məqsədilə Vaşinqton polisi gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə “İnterfaks” ABŞ paytaxtının Daxili Təhlükəsizlik və Fövqəladə Hallar İdarəsinin bəyanatına istinadən məlumat verib.

Qeyd olunur ki, Kolumbiya dairəsinin bütün polis məmurları seçki günü xidmətdə olacaq.

Məlumdur ki, şəhərin mərkəzində bir sıra müəssisə və qurumlar binalarının pəncərələrini qoruyucu qalxanla örtməkdədir, federal hakimiyyət orqanları isə Ağ Ev ərazisindəki təhlükəsizlik tədbirlərini gücləndiriblər, onun ətrafına əlavə maneələr qoyulub.

Prezident iqamətgahının ABŞ Məxfi Xidmətinin əməkdaşları ilə yanaşı, lazım olacağı təqdirdə şəhər polisinin köməyinə gələcək Milli Qvardiyanın ehtiyatda olan 250 zabiti tərəfindən qorunacağı qeyd olunur.

Kolumbiya dairəsinin səlahiyyətlilərinin dediklərinə görə, artıq altı qrup önümüzdəki günlərdə etiraz nümayişlərinin keçirilməsinə icazə istəyib.

Vaşinqton meri Muriel Bauzer qeyd edib ki, Kolumbiya dairəsində komendant saatı tətbiq etməyi düşünmür, ancaq lazım gələrsə, bunu da edəcək.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da prezident seçkisi keçirilir.

İnterpress.az