Moskvada və ətraf bölgələrdə çöl donuzları insanlara təhlükə yaradır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskva, Moskva vilayəti və Leninqrad vilayətində çöl donuzlarının yaşayış məntəqələrinə daha tez-tez yaxınlaşdığı bildirilir.
Məlumata görə, cütləşmə dövründə erkək donuzlar daha aqressiv olur, dişi axtarışı ilə yaşayış evlərinə, bağ sahələrinə və zibil qutularının olduğu ərazilərə üz tuturlar.
Şəhərsalma və tikinti işləri də onların adi hərəkət yollarını məhdudlaşdırır.
Çöl donuzları ilə qarşılaşmaq təhlükəli ola bilər. Bu heyvanlar saatda 40 kilometrədək sürətlə qaça və iti dişləri ilə insana ciddi xəsarət yetirə bilirlər.
Balaları olan dişi donuzlar da xüsusilə təhlükəli hesab olunur.
Sürücülərə yolda çöl donuzlarına rast gəldikdə sürəti azaltmaq, heyvanların keçməsinə imkan vermək və şəkil çəkmək üçün avtomobildən düşməmək tövsiyə edilir.
Xuraman Etibarlı
İnterpress.az






