Taymırda ağ ayının hücumuna məruz qalan fəhlə möcüzə nəticəsində sağ qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Taymır bölgəsində 23 yaşlı yol fəhləsi Dmitri ağ ayının hücumuna məruz qalıb. Hadisə kişi “Buxta Sever” neft terminalının yaxınlığında, sahildə gəzintiyə çıxarkən baş verib.
Ayı onun paltarını cırıb, çiyinlərini və əllərini yaralayıb, baş dərisini qopararaq dərin xəsarətlər yetirib. Buna baxmayaraq, Dmitri sağ qalıb.
Ərazidəki işçilər onu yaxınlıqdakı məişət konteynerinə aparıblar.
Tibb işçisi də ayının hücumuna məruz qalmamaq üçün mühafizəçilərin müşayiəti ilə yaralının yanına gedib. Yırtıcı sığınacaqdan təxminən 50 metr aralıda dolaşırmış.
Əlverişsiz hava şəraiti səbəbindən sanitar aviasiya helikopteri yaralının yanına yalnız ertəsi gün səhər çata bilib. Dmitri bundan sonra xəstəxanaya yerləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az






