Rusiyada 53 regionda 126 qanunsuz silah ustasının fəaliyyəti dayandırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
FSB Rusiyanın 53 regionunda qanunsuz silah istehsalı və təmiri ilə məşğul olan 126 nəfərin fəaliyyətinin qarşısını alıb.
Əməliyyat zamanı qanunsuz dövriyyədən Rusiya və xarici istehsalı olan 363 odlu silah, 1436 qumbara, 323 kiloqram partlayıcı maddə və müxtəlif kalibrli 60 500 patron götürülüb.
Ələ keçirilən silahlar arasında 45 qumbaraatan, 9 pulemyot, 9 avtomat tapança, 98 avtomat, 108 tapança və revolver, eləcə də 94 tüfəng, karabin və ov silahı var. Partlayıcı maddələr arasında trotil və barıt da aşkarlanıb.
Hüquq-mühafizə orqanları əməliyyat çərçivəsində mülki silahların döyüş xüsusiyyətlərini bərpa edən, onları modernləşdirən və döyüş sursatı hazırlayan 48 gizli emalatxananın fəaliyyətini dayandırıb.
FSB qanunsuz silah dövriyyəsi və istehsalının aşkarlanması istiqamətində əməliyyatların davam etdiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az






