Son günlər cəmiyyətimizin ictimai-siyasi həyatında təmsil olunan ayrı-ayrı qurumlar,vətəndaş cəmiyyətinin nümayəndələri İrəvanda və Xocavənddə nasistlərin əlbuyruqçusu Njdeyə ucaldılmış heykəllərin sökülməsini tələb edirlər.9 may ərəfəsində müraciətin yönəldiyi əsas ünvanlardan biri Rusiya, onun rəsmi təmsilçiləridir.Bu da təsadüfi deyil.Çünki 2-ci Dünya müharibəsində faşist ideologiyasından ən çox əziyyət çəkən və ona qarşı həlledici mübarizənin önündə məhz Sovet İttifaqı,onun indiki hüquqi varisi Rusiya olmuşdu. Təpədən-dırnağa nasistlərə,onların amansız cinayətlərinə bağlı olan Qaregin Njdenin heykəlinin sökülməsi ilə bağlı cəmiyyətimizdən gələn tələb tarixi ədalətə və beynəlxalq hüquqa söykənir.Təkcə ölkəmizin deyil,həm də Rusiyadan tutmuş ABŞ-a qədər faşizmə qarşı mübarizədə milyonlarla itki vermiş dövlətlərin,bütövlükdə sivil dünyanın ortaq marağından irəli gəlir.Lakin, əslində, dünyanı hiddətləndirməli və adekvat münasibətinə səbəb olmalı olan rəzalət təkcə heykəl məsələsi ilə məhdudlaşmamalıdır. Ən böyük rəzalət odur ki, faşizmi rəsmi dövlət siyasətinə çevirən Ermənistan həmin ideologiyanı sivil dünyanın gözü qarşısında açıq-aşkar təbliğ etməkdən çəkinmir.Bir dövlətin ki,hərbi doktrinası “yeni ərazilər uğrunda yeni müharibə” prinsipinə əsaslanır,cəmiyyəti ”dənizdən-dənizə” xülyası ilə yaşadılır və zehniyyəti nasist ideologiyası əsasında zəhərlənir,belə bir dövlət ciddi beynəlxalq müqavimət və qınaqla üzləşmədikcə,heç şübhəsiz,daha da azğınlaşacaq. Məsələn,Ermənistan cəmiyyəti görür ki,106 ildən sonra ABŞ kimi nüfuzlu bir dövlətin prezidenti uydurma “erməni soyqırımı”nı tanımaqla ona siyasi dəstəyini ifadə edir,digər həmsədr ölkənin-Rusiyanın rəsmi nünayəndələri İrəvandakı qondarma “soyqırım abidəsini” ziyarət edir,üçüncü həmsədr-Fransa bu uydurma “soyqırımı” tanımayanlara cinayət məsuliyyəti nəzərdə tutur,təbii ki,belə bir dövlət daha da azğınlaşmalı, cəmiyyəti isə məhz ədalətsizliyin zəfər çalacağına inanmağa başlamalıdır.Çünki təkcə içəridən deyil,həm də kənardan, qəsdən və ya bilməyərəkdən buna təşviq olunur.Ermənistan cəmiyyəti onu da görür ki,qardaş Türkiyə öz arxivlərinin və orada saxlanılan milyonlarla tarixi sənədin,həmin dövrdə yaşamış və hadisələrə canlı şahidlik etmiş fərqli millət mənsublarına aid gerçək xatirələrin hər kəsə açıq olduğunu bəyan etdiyi halda, nüfuzlu dövlətlərin rəsmiləri bu xoş niyyəti görməməzlikdən gəlib haqsızlığa və ayrı-seçkiliyə yol verirlər.Ermənistan cəmiyyətində onu da görürlər ki,öz rəsmiləri müxtəlif platformalarda Xocalı soyqırımını törətdiklərini etiraf etsələr də, bir əsrlik erməni xülyasına bəraət qazandırıldığı halda,həqiqi Xocalı soyqırımı hadisəsi eyni ünvanlar tərəfindən dilə gətirilmir.Son 30 ildə erməni toplumu həm də ona inandırıldı ki,danışıqlar prosesində sərgilədikləri imitasiya oyunları ,hətta BMT qətnamələrini icra etməmələri də cəzasız qala bilər.Çünki gördülər ki,həmsədrlərdən heç kim buna görə onları nəinki cəzalandırmadı,ictimai şəkildə heç qınamadı da…
İnterpress.az