Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyəddin Kassanovun şəhid ailələrinə dəstəyi haqda Qafqaz.media-da dəfələrlə informasiya verilib. Əldə etdiyimiz məlumata əsasən, Z.Kassanovun göstərişi ilə daha bir şəhidimizin ailəsinə maddi yardım göstərilib.
DATÜB Azərbaycan Nümayəndəliyinin verdiyi məlumata əsasən, Ziyəddin Kassanov Axısxa Türkü olan şəhidimiz Səlim Cabbarovun ailəsinə məxsus evin tikintisini başa çatdırmaq üçün şəhidin anasına 2500 dollar yardım edib.
DATÜB-ün mətbuat xidmətinin rəhbəri Mövlud İşık Qafqaz.media-ya bildirib ki, Ziyyədin Kassanovun tapşırığı ilə, bir qrup ziyalı ilə birlikdə şəhidin ailəsinə baş çəkərək, sözügedən vəsaiti onlara təhvil veriblər.
“DATÜB həmişə istər Azərbaycanda, istər də digər ölkələrdə yaşayan Axısxa Türklərinin yanında olub. Həm müharibə zamanı, həm də müharibədən sonra Can Azərbaycana dəstəyini ifadə edən DATÜB sədri Ziyəddin Kassanov, Saatlı rayonunun Şirinbəy kəndində yaşayan Axısxa Türkü olan şəhidimiz Səlim Cabbarovun anasına qəzalı vəziyyətdə olan və sökülərək yenidən bərpa edilən evinin tikintisi üçün 2500 dollar yardım edib. Ziyəddin bəyin adından ziyalılarımızla birlikdə şəhidimizin anasını ziyarət edib, həmin vəsaiti ona təhvil verdik”, – deyə M.İşık bildirdi.
DATÜB-ün mətbuat katibi sədr Ziyəddin Kassanovun bu xoşməramlı əməllərinə kənardan “ağız büzənlərə” də öz sözünü çatdırdı: “Bu gün sosial şəbəkələrdə təxribat xarakterli məlumatlar yayanlara da səslənirəm. Siz bu günə qədər şəhidlərimizin əmanəti olan ailələri üçün nə etmisiniz? Dəlil göstərin, kənarda durub, boş-boş danışmaq asandır. Biz dəlil göstəririk, Ziyəddin Kassanov şəhidimizin ailəsinə əvvəllər 2000 manat, indi isə 2500 dollar yardım edib. Buyurun, indi sizi də görək. Amma sizin bir şey edəcəyinizi düşünmürəm, çünki siz ancaq boş xəyallarınızla millətimizi yayındırmaqla məşğulsunuz”.