Vüsal İsayev: “Mobil tətbiqdən istifadə müəssisənin imicini formalaşdırır”backend

Vüsal İsayev: “Mobil tətbiqdən istifadə müəssisənin imicini formalaşdırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elektron hökumət” — müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Bu xidmətlər sırasında mobil tətbiqlərin rolu durmadan artmaqdadır. Mobil tətbiqlər vasitəsi ilə yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirməkdən ibarətdir.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Happy Baku şirkətinin icraçı direktoru, mobil proqramlaşdırma üzrə mütəxəssis Vüsal İsayev yeni-yeni texnologiyalar yarandıqca bəşəriyyətin tələblərinin də dəyişdiyini dedi: “Cəmiyyətlər informasiya texnologiyalarının verdiyi imkanlardan istifadə edərək vaxt itkisinə yol vermədən, rəsmi qurumlarla birbaşa təmasa keçmədən, əziyyət çəkmədən öz təminatlarını həyata keçirmək istəyirlər. Azərbaycan demokratiya yolu, açıq cəmiyyət qurmağı özünə hədəf seçmiş, hüquqi dövlət quran, insan hüquqlarına hörmət edən dövlət kimi bu gün XXI əsrin reallığı kimi ortaya çıxan demokratik elektron hökumətin qurulması istiqamətində iş aparır. Məhz buna görə də prezident İlham Əliyev bu istiqamətdə müxtəlif fərmanlar imzalayaraq sözügedən proseslərin daha da intensivləşdirilməsi ilə əlaqədar dövlət orqanlarının qarşısında məsələ qaldırıb.”

“Elektron hökumət”in formalaşdırılmasında mobil tətbiqlərin rolunun artdığını deyən V.İsayev bunun bir sıra amillərlə bağlı olduğunu diqqətə çatdırdı: “Əvvəla qeyd edim ki, Azərbaycanda mobil istifadəçilərinin sayı təxminən ölkə əhalisinin 70%-ni təşkil edir ki, bunların da böyük əksəriyyəti smartfon sahibləridirlər. Ümumiyyətlə smartfonların yaradılması, imkanlarının durmadan artırılması və internetə sürətlə inteqrasiyası bu vasitənin marketinq, kommunikasiya və informasiya mübadiləsindəki rolunu da artırmış olur. Mobil tətbiqlərin yaradılması ilk növbədə müəssisənin istehlakçı ilə heç bir süni əngəl olmadan, birbaşa ünsiyyətinə xidmət edir. Bugün mobil tətbiq informasiyanın istehsalı, müxtəlif xidmətlərin, biznes təkliflərinin istehlakçıya çatdırılmsında ən uğurlu vasitədir. Mobil tətbiq bizimçün təkcə uğurlu marketinqə aparan yol deyil, eyni zamanda müəssisənin əməkdaşları arasında iş əmsalının artırılması metodudur. Hesab edirəm ki, dövlət qurumlarının və özəl sektorun elektron hökümətə keçidi və bu istiqamətdə mobil tətbiqlərin imkanlarında yararlanması nəinki lazımdı, hətta vacibdir. Proseslər onu göstərir ki, yaxın gələcəkdə mobil tətbiqdən istifadə birbaşa olaraq müəssisənin imicini formalaşdıran əsas amil olacaq!

İnterpress.az